Bir vaxtlar bura Müəmmər Qəzzafinin keçilməz qalası idi. Yalnız Liviya liderinin yaxın ətrafı və fəhlələr onun içərisini görə bilərdilər.
Qərbin dəstəklədiyi üsyançıların Qəzzafini devirməsindən altı ay sonra onlarla ailə Bab əl-Əziziyyə imarətinə köçüb. Dağıntıları təmizləyən ailələr burada özlərinə ev qururlar.
Onların bu hərəkəti Liviya cəmiyyətindəki təzadı göstərir: Bir tərəfdə Qəzzfi rejimindən bəhrələnmiş varlı bir zümrə; o biri tərəfdə isə Liviyanın nəhəng neft var-dövlətindən cüzi pay almış yoxsullar ordusu.
Qəzzafini devirən üsyançılar onu bu mürəkkəb imarətlər, ofislər və anbarlar kompleksini tərk etməyə məcbur etmişdilər. Üsyançılar diktator qüdrətinin simvoluna çevrilmiş Bab əl-Əziziyyəni tutan kimi onu qarət etmiş, yandırmış və dağıtmışdılar.
Bab əl-Əziziyyə tutulduqdan bir neçə gün sonra kimya müəllimi Məcid öz xanımı və yeddi övladı ilə bərabər Qəzzafi generallarından birinin imarətinə köçdü.
“Bir vaxtlar mən bu kompleksin yanından maşınla keçər, hətta o tərəfə baxmağa da cürət etməzdim. Biz hətta maşında danışmaqdan da qorxurduq,” deyə Məcid bildirir. “Biz nə vaxtsa bura girəciymizi ağlımıza da gətirməzdik. İndi isə burada yaşayırıq.”