Hazırda İranın İslami Şura Məclisində 290 millət vəkilindən sadəcə 9-u qadındır. İranda qadın hüquqları müdafiəçiləri fevralın 26-da keçiriləcək seçkilərdə parlamentdə yer alan qadınların sayının artırılması məqsədi ilə “Məclisin kişi simasını dəyişdirmə” kampaniyası aparır.
Amerikanın Səsi ilə söhbətdə həmin kampaniyanın müsbət və mənfi cəhətlərini dəyərləndirən güneyli psixiatr və qadın haqları fəalı Simin Səbri kampaniyada qeyri-fars qadınların problemlərinə diqqət yetirilmədiyini önə çəkərək gender və etnik ayrı-seçkiliyinin iç-içə olub və ikisinin də ciddi önəm daşıdığını vurğulayıb.
Your browser doesn’t support HTML5
Simin Səbri toplumun müxtəlif ictimai-siyasi qurumlarında fəaliyyət göstərən qadınların sayını artırmaq istiqamətində cəhdlərin zəruri olduğunu, ancaq say ilə bərabər keyfiyyətə önəm verilmədiyi təqdirdə lazımi nəticənin əldə edilməyəcəyini bildirib.
“İran qadınlar hərəkatının önəmli simalarının bu kampaniyanı başlatmaları yaxşı hərəkətdir. Çünki hər halda qadınların tələblərini önə sürürlər. Amma onlar bütün İranı farsdilli homogen bir ölkə kimi nəzərdə tuturlar... Mənim tənqid etdiyim xüsus Intersectionality məsələsidir. Yəni ayrı-seçkilik sahələrinin cürbəcür olması və bunların üst-üstə düşməsi baxımından bir qadın sadəcə cinsiyyəti üzündən deyil, misal üçün Amerikada qara olduğu üçün də zorakılığa məruz qalır.”İran qadınlar hərəkatının önəmli simalarının bu kampaniyanı başlatmaları yaxşı hərəkətdir
Qeyri-fars qadın haqları fəalları İranın mərkəzi bölgələri ilə müqayisədə mərkəzdən uzaq vilayətlərdə yaşayan qadınların ictimai-siyasi fəaliyyətlərdən daha çox kənarlaşdırıldığını önə çəkirlər.
Qadınlar məsələləri üzrə Tehranda fəaliyyət göstərən Mehrkhane adlı internet qəzetinin hazırladığı hesabata istinadən, 1979 İran İslam İnqilabından bəri keçirilən 9 dövr parlament seçkilərində qadınlar cəmi 78 dəfə məclisə daxil ola biliblər. Bunlardan bəzisinin bir neçə dövr seçildiyini nəzərə alaraq İran İslam Respublikası tarixində 65.3 faizi Tehrandan olmaqla cəmi 50 qadın deputatlığa çatıb.
Hazırda İran Parlamentindəki 9 qadın millət vəkilindən sadəcə biri İran Azərbaycanından seçilib. Məhnaz Bəhməni məclisdə Şərqi Azərbaycan vilayətinin Sarab şəhərini təmsil edir.
Toplumda uzun illər boyu basqı və ayrı-seçkiliyə məruz qalan müxtəlif cəmiyyətlər üçün müxtəlif sahələr, o cümlədən parlament seçkilərində kvota tətbiq edilməsini müdafiə edən güneyli fəal keyfiyyətin də kəmiyyət qədər önəmli olduğunu vurğulayır.
“Bütün demokratik, ya hətta inkişaf etməkdə olan ölkələrdə bu qəbul olunur ki, qadınlar çox əzildikləri və siyasi səhnələrdə olmadıqları üçün kişilərlə bərabər rəqabət edə bilmirlər və buna görə də qadınlar üçün bir faiz verilir (kvota tətbiq edilir). Buna görə, İran kimi bir ölkədə qadınların sırf sayının artması belə bir nailiyyətdir. Ancaq təcrübələr göstərir ki, sadəcə sayı və kəmiyyətə diqqət edəndə hədəf əldə edilmir,” deyə Norveçdə mühacirətdə yaşayan fəal bəyan edir.
Intersectionality [nəzəriyyəsi] ayrı-seçkiliklərin bir neçə formada olması və bunların üst-üstə düşməsini anladır... Ana dili haqları uğrunda mücadilə etmək əslində qadına qarşı zorakılıqla da mübarizədir.Simin Səbri
İranda qeyri-fars qadınların müxtəlif sahələr, o cümlədən gender və ana dili haqları baxımından ayrı-seçkiliyə məruz qaldığını vurğulayan Səbri qadın haqları müdafiəçiləri və türk dil haqları fəallarının ikisinin də əslində qadınlara qarşı zorakılığı aradan qaldırmaq istiqamətində hərəkət etdiyini deyir.
“Intersectionality [nəzəriyyəsi] ayrı-seçkiliklərin bir neçə formada olması və bunların üst-üstə düşməsini anladır... Ana dili haqları uğrunda mücadilə etmək əslində qadına qarşı zorakılıqla da mübarizədir... dil hüquqlarının təmin edilməsi ana dilini radio və TV ilə ucqar kəndlərə qədər apara bilər. Bunun da türk qadınların sağlamlığında, uşaqların tez ərə getməsini önləməkdə rolu olar... Bəzən müxtəlif ayrı-seçkiliklər o qədər üst-üstə düşür ki, biz bilmirik hansına üstünlük verək,” deyə Simin Səbri əlavə edir.