Sabir Rüstəmxanlı: "Abbas Lisaniyə Azadlıq!"

“Abbas Lisaniyə Azadlıq! Biz Abbas Lisani və onunla birgə haqsız yerə həbs olunanların dərhal azadlığa buraxılmasını, Azərbaycan türklərinin milli, siyasi və iqtisadi tələblərinin yerinə yetirilməsini istəyirik. Dünya ictimaiyyətini və beynəlxalq təşkilatları da rejimin qeyri-insani siyasətinə etiraz etməyə çağırırıq.”

Bu barədə Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının bəyanatında deyilir.

Milli fəalların daşqalaq edilməsi, asılması, min cür cismani təhqirlərə, təqiblərə məruz qalması göstərir ki, bu rejim hələ 21-ci əsrə gəlib çatmayıb.
Sabir Rüstəmxanlı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri

Sənəddə deyilir ki, tanınmış milli-mədəni fəal Abbas Lisani Azərbaycan türklərinin demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə yenidən 10 ay həbs cəzasına məhkum edib.

“Aclıq aksiyası keçirən fəalın ailəsinə onunla görüşmək icazəsi verilmir. İndiyə qədər İranın təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə zindanda ən çətin şəraitdə saxlanan, işgəncələrə məruz qalan mübariz və dönməz azərbaycanlı Abbas Lisaninin sağlıq durumu narahatlıq doğurur.”

Sabir Rüstəmxanlı bildirir ki, İran rejimi Azərbaycan türklərinin dilini, mədəniyyətini əlindən alıb, uşaqlarına ana dilində ad qoymağı yasaqlayır, tarixini saxtalaşdırır, sərvətlərini talayır.

SEE ALSO: Müsavat Partiyası: “Abbas Lisaninin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirik”

“Son illər Güney Azərbaycanda milli özünüdərk prosesi sürətlənib və bu rejimi qorxuya salıb. Dini rejim öz hüquqlarını müdafiə edən millətə qarşı orta əsirlərin cəhalət zülmlərindən fərqlanməyən şəkildə divan tutur. Milli fəalların daşqalaq edilməsi, asılması, min cür cismani təhqirlərə, təqiblərə məruz qalması göstərir ki, bu rejim hələ 21-ci əsrə gəlib çatmayıb. Amma hər gecənin bir səhəri, hər zülmün bir sonu var. İran rejimi də istisna olmayacaq. Bu gün vətənin güneyində baş verənlər dünyaya səpələnmiş bütün azərbaycanlıları narahat edir,” Dünya Azərbaycanlıları Konqresinin həmsədri qeyd edir.

Sabir Rüstəmxanlı

Abbas Lisani İran Azərbaycanının məşhur musiqi müəllimi Həsən Dəmirçinin Təbrizdəki dəfn mərasimində söylədiyi nitq səbəbilə mühakimə edilib. Milli fəal bir neçə ay əvvəl qiyabi olaraq mühakimə edildiyi məhkəmədə 10 ay həbsə məhkum edilib. O, yanvarın 5-də həbs hökmünün icrası üçün Təbriz zindanına göndərilib. Təbriz zindanına göndərildikdən sonra rəsmi çağırış göndərilmədən qiyabi olaraq mühakimə edilməsinin qanunsuz olduğunu önə çəkərək etiraz bildirib. Lisaninin etirazını qəbul edən hakim onu müvəqqəti olaraq sərbəst buraxıb və məhkəmənin yanvarın 15-də yenidən keçirilməsinə dair qərar çıxarıb. O, yanvarın 15-də Təbriz İnqilab Məhkəmə iclasından sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

HRA agentliyinin məlumatına görə, milli fəal Ərdəbil həbsxanasına köçürülüb və orada aclıq aksiyası keçirir. Fəalın ailəsinə onunla görüşmək icazəsi verilmir.