Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Amerikanın Səsi radiosuna müsahibəsində İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması, İrandakı dini rejimin azərbaycanlılara qarşı sərt münasibəti, milli fəalların həbsi, onların hüquqlarının qorunması məsələlərindən danışıb.
Sual: İranda yaşayan azərbaycanlıların hazırkı durumunu necə qiymətləndirirsiniz? Xüsusilə son zamanlar İrandakı ayətullalar Azərbaycan Respublikasının əleyhinə çəkinmədən bəyanatlar verir.
Cavab: Güneydə yaşayan soydaşlarımıza ünvanladığım “Azadlıq yolu hər bir yurddaşın qeyrətindən keçir” başlıqlı açıq məktubumda bütün bu məsələlərə toxunmuşam. Məktubda Güneydə yaşayan azərbaycanlıların durumunu bir qardaş sevgisi ilə anlatmağa çalışmışam. Düzdür, sonra bəzi rəylər də eşitdim. Bəziləri, İranın tənqidini din tərəfə yönəltməyə çalışır. İranı az qala islam dini ilə eyniləşdirməyə çalışırlar. Əgər, İranı tənqid edirsənsə, guya dindən uzaq adamsan. Tamamilə səhv yanaşmadır. Bizim İranla bir siyasi mübarizəmiz var. İrandakı ayətullaların, mollaların əslində günahı yoxdur. Onlar özlərini din xadimi kimi aparsalar, öz dini inanclarına sayğı ilə yanaşıb ibadətləri ilə məşğul olsalar bizim qardaşlarımızdır. Amma, dini fars rejiminin, fars şovinizmin alətinə çevirəndə əlbəttə, burada fikirlər və münasibətlər haçalanır. İranda bu gün, dini pərdə altında bir antidemokratik rejim tüğyan edir. Bu rejim azərbaycanlıların dilini, mədəniyyətini əlindən alıb, uşaqlarına ana dilində ad qoymağı yasaqlayır, tarixini saxtalaşdırır, torpaqlarının sərvətlərini əlindən alır. Azərbaycanın sərvətləri hesabına digər bölgələr abadlaşdırılır, Azərbaycan isə səfalət içində yaşayır. Azərbaycanda işsizlik yüksək səviyyədədir, insanlar məcburən iş dalınca İranın digər bölgələrinə səpələnir və öz kəndləri boşalır. Azərbaycanlılara qarşı həqarət edirlər. Əhalisinin 52 faizi azərbaycanlı olan İranda azərbaycanlıların karikaturaları çəkilir.
Onların torpaqlarının üzərindən Azərbaycan ərazilərini işğal edən Ermənistana yollar çəkilir, neft, qaz verilir. İndi Təbrizdən Ermənistana neft kəməri çəkmək istəyirlər. Ermənistanın işğal etdiyi Qarabağ yalnız Azərbaycan Respublikasında yaşayanların deyil, Qarabağ bütün azərbaycanlıların torpağıdır, vətənidir.
Azərbaycanlıların durumu belədir və bu durumla barışmaq heç bir müasir mədəni millətə yaraşmaz.
Sual: İran rejiminin azərbaycanlılara, o cümlədən dilinə, mədəniyyətinə basqılarına qarşı mübarizəni necə qiymətləndirirsiniz? Qənaətedicidirmi?
Cavab: Mübarizə hələ bizim istədiyimiz səviyyədə deyil. Dünyada gedən prosesləri izləyirik. Müsəlman dünyasına qərbin aşağılayıcı münasibətini də görürük. Gizli bir səlib savaşının getdiyini də görürük. Biz istəmirik ki, müsəlman dünyasında demokratiya istiqamətində inkişaf xarici təzyiqlə olsun. İstəyirik ki, bu daxildən, millətin iradəsinə bağlı olsun. Misirdə, Yəməndə, İordaniyada, Tunisdə hadisələrə xarici təsirlər olmasa idi, demokratik dəyişikliklər daha sürətlə gedə bilərdi. Biz, xarici müdaxilələri qəbul etmirik. Bu mənada biz, Güney Azərbaycanda baş verənlərin Quzey Azərbaycandan idarə olunması kimi başa düşülməsini də istəmirik. İstəyirik ki, Güneydə xalq özü iradəsini ortaya qoysun və bu meyllər də var. Son illər Güney Azərbaycanda Xordat hərəkatından başlayaraq milli özünüdərk prosesi sürətlə inkişaf edir. Haray, haray mən türkəm!, Bakı, Təbriz, Ankara, Biz hara onlar hara! çağırışları buna bir misaldır. Amma, dini rejim öz azadlıqlarını, hüquqlarını müdafiə edən millətə qarşı orta əsirlərin cəhalət zülmlərindən daha artıq divan tutur. Milli fəalların daş-qallaq edilməsi, asılması, min cür cismani təhqirlərə, təqiblərə məruz qalması göstərir ki, bu rejim hələ 21-ci əsrə gəlib çatmayıb.
Sual: İranda hazırda öz milli hüquqları uğrunda mübarizə aparan çoxsaylı fəal həbsdədir. Onların hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikasında hansı işlər aparılır?
Cavab: Təəssüf ki, bizim dövlətimiz bu işlərdə seyrçi mövqe tutur. Dövləti də başa düşürük. Çünki İran rejimi bunlardan istifadə edib hər cür təfriqə salmağın ustasıdır. Bunu yaxın şərqdə yaxşı görürük. Azərbaycan İranla dinc qonşuluq siyasətini seçib və bunu davam etdirir. Amma, biz bir millət olaraq 50 milyonuq. Bunun 35 milyonu Güney Azərbaycanda, 10 milyonu Quzey Azərbaycanda, qalanları isə dünyanın başqa ölkələrində yaşayır. İki yüz illik parçalanma siyasətinə baxmayaraq Azərbaycan bir millətdir.
Bütün siyasətlərə baxmayaraq Azərbaycanın qeyri hökumət təşkilatları, o cümlədən biz DAK olaraq İranda azərbaycanlıların hüquqlarını beynəlxalq aləmdə qaldırırıq. Son iki ildə mən BMT-də bununla bağlı iki görüş keçirmişəm. İki gün öncə isə Cenevrədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığında görüşüm olub. Ayrı-ayrı adamlara verilən işgəncələr, bütövlükdə 35 milyon azərbaycanlının pozulan hüquqları ilə bağlı müxtəlif beynəlxalq təşkilatlara hesabatlar çatdırırıq. Bəla burasındadır ki, Azərbaycan hələ bölünmüş bir xalq kimi dünyada qəbul olunmur. Bunun statusu hələ bəlli deyil. Çalışırıq ki, bizim parçalanmış xalq olduğumuzu dünyaya çatdıraq.
Ümid edirik ki, Azərbaycan Respublikası da Güneydə soydaşlarımızın hüquqlarının pozulduğunu dərk edəcək və xarici siyasətini buna uyğun quracaq.
Sual: Yaradıcılığınızda bir Vətən şeri də var. O şeri də dinləyicilərimizə çatdırmağınızı xahiş edirəm.
Bir əlçim buluddu,
bir ömür umuddu,
bir içim sudu,
yandıqca
odlanan ocaqdı,
daddıqca
dadlanan arzudu,
Bir dənə bahar leysanıdı,
“21 Azər”in qanıdı,
Cavad xanın qətl yeridi,
Sabirin fəxriyyə şeridi,
Dağları dumanda itən
Vətən, Vətən.
Hadinin şer bazarıdı,
Füzulinin dağıdılmış məzarıdı,
Araz
hörüyündən kəməndə düşmüş Sevildi,
Ələsgərin sazıdı,
Qədim əl yazmasıdı,
Dahilər boylanır sətirlərindən
Vətən, Vətən.
Şimşəklər çinar tək
sancılıb yerə,
Düşmənin gözünə
dirsəkdir hər dağ,
Babalar atını sürüb gedibdi,
Qalalar boylanın qalıbdı,
Ancaq,
oğlu Şah İsmayıl Xətai adlı
Ağ atlı oğlan var, atı qanadlı
Bir də
Suraxanı Atəşgahı var,
Bir də
Misiri qılınc,
Bir də
Çənlibel,
Bir də
Heydərbaba yazılmış bir dil.
Torpağı ot deyil,
Kişi göyərdən
Vətən, Vətən.