Sabiq vitse-prezident Co Bayden Donald Trampı bölücülükdə ittiham etdi

Sabiq Vitse-Prezident Co Bayden Prezident Donald Trampı sərt tənqid edərək onun Amerikaya rəhbərlik etmək üçün mənəvi avtoritetə malik olmadığını bildirib.

Ayovada seçicilər qarşısında çıxış edən Bayden Trampın ritorikası ilə ötən həftəsonu El Paso şəhərində baş verən qətliam arasında əlaqə olduğuna eyham vurub.

Bizim Amerikada vüsət alan ağ supremasizmlə bağlı problemimiz var və bizim prezident bunu ruhlandırır, ürəkləndirir.
Co Bayden

Onun sözlərinə görə, Respublikaçı prezidentin mühacirlərlə bağlı işlətdiyi ifadələr ölkədə parçalanmanı dərinləşdirməyə xidmət göstərib.

"Bizim Amerikada vüsət alan ağ supremasizmlə bağlı problemimiz var və bizim prezident bunu ruhlandırır, ürəkləndirir," deyə Bayden Tramp administrasiyasının Federal Təhqiqatlar Bürosunun bu yaxınlarda irqçi qruplardan qaynaqlanan terror təhlükəsi barədə xəbərdarlığını qulaqardına vurduğunu bildirib.

Demokratların prezidentliyə namizədlik uğrunda yarışında favorit mövqedə olan Bayden 2020-ci il seçkilərini “millətin ruhu uğrunda döyüş” kimi təsvir edib.

Reuters/Ipsos rəy sorğusuna əsasən, Demokrat və bitərəflərin 22 faizi Baydenə, 18 faizi isə Berni Sandersə dəstək ifadə edib.

Yerdə qalan 23 namizəddən heç biri 9 faizdən artıq dəstək əldə edə bilməyib.

El Pasoda insanlar şənbə günü öldürülənlərin xatirəsini yad edir.

Şənbə günü Texasın El-Paso şəhərində 22 nəfər, bazar günü Ohayo ştatının Dayton şəhərində 9 nəfər silahlı hücumçu tərəfindən öldürülüb. El Pasoda Walmart mağazasında əsasən ispandilliləri hədəf alan 21 yaşlı Patrik Krusus hücumdan öncə irqlərin qarışması barədə tənqidi mesajlar yayıb.

Birləşmiş Ştatlarda odlu silahla hücumların törədilməsindən sonra reaksiya verən ABŞ prezidenti Donald Tramp “ağların üstünlüyü” nəzəriyyəsini açıq şəkildə qınayıb və silah alışı zamanı ciddi yoxlanmaya çağıraraq, “təcili fəaliyyət göstərməyə” söz verib.

Bir səslə, bir millət olaraq irqçiliyi, fanatizmi və ağ supremasizmi qınamalıyıq.
Donald Tramp, ABŞ prezidenti

Bununla belə, ABŞ prezidenti silahlara nəzarətə dair qanun layihəsinə dəstək bildirməyib. Tramp onun mühacirət əleyhinə ritorikasının “toksik atmosferin” yaranmasında rolu olduğunu deyən tənqidçilərə də cavab verməyib.

"Bir səslə, bir millət olaraq irqçiliyi, fanatizmi və ağ supremasizmi qınamalıyıq," Tramp deyib.

O, nifrət məzmunlu “manifestin” Texas ştatının Meksika ilə sərhəddə yerləşən El Paso şəhərindəki Walmart mağazasında hücumu törətməkdə şübhəli bilinən ağ gənc kişiyə ad olduğunu qeyd dib.

“Bu qorxunc ideologiyalar məğlub edilməlidir. Nifrətə Amerikada yer yoxdur,” deyə o bildirib.