Gürcüstan prezidenti Azərbaycana səfər edəcək

Gürcüstan prezidenti Mixail Saakaşvili

Səfər fevralın 27-də reallaşacaq. Nümayəndə heyətinə barəsində cinayət işi qaldırlmış Tbilisi meri Gigi Uqulava da daxildir
Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün Tbilisidə keçirilən brifinqdə fevralın 27-də Azərbaycana səfərə gedəcəyini bildirib. O, səfərin detalları barədə məlumat verməyərək, nümayəndə heyətinin tərkibinə Tbilisi meri Gigi Uqulavanın da daxil olduğunu bildirib. Lakin merə qarşı cinayət işi açılıb və prokurorluq onun ölkəni tərk etməməsini tələb edir.

Rəsmi Bakı hələlik Gürcüstan prezidentinin səfəri haqqında məlumat yaymayıb.

Uqulava “İmedi” teleşirkətinə yiyələnməkdə ittiham olunur. Təhqiqatın fikrincə, şirkətin həmsədri amerikalı Cozef Keyin 2008-ci ildə hədə-qorxu altında şirkətdəki payını merə satmağa məcbur olub. İstintaqın versiyasına görə, şirkətin əldə edilməsi Tbilisi meriyası tərəfindən saxta saziş əsasında maliyyələşdirilib. Mer həmçinin “Vahid milli hərəkat” fəalları üçün saxta iş yerləri yaratmaqda ittiham olunur. İstintaq hesab edir ki, hakim partiyanın 764 fəalı paytaxt büdcəsindən qanunsuz olaraq 4,1 milyon lari (təxminən 2,5 milyon dollar) alıb.