Keçmiş Gürcüstan prezidenti və keçmiş Odessa qubernatoru Mixeil Saakaşvili və yüzlərlə tərəfdarı sərhəd keşikçilərinin səfini yararaq Polşadan Ukrayna ərazisinə keçib.
AFP Saakaşvili və onu dəstəkləyənlərdən ibarət dəstənin Polşanın Medika sərhəd postundan Ukraynaya keçdiyini xəbər verir.
Bundan bir neçə saat əvvəl Ukrayna sərhədçiləri onu ölkə ərazisinə buraxmamışdılar.
Ukrayna hakimiyyəti keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvilinin getdiyi qatarı Polşanın sərhəd məntəqəsindən buraxmadığına görə, o, marşurutunu yenidən dəyişmək və sərhədi tərəfdarları ilə birlikdə avtobusla keçmək qərarına gəlib.
Azadlıq Radiosunun məlumatına görə, Saakaşvili və onun tərəfdarlarını aparan avtobus Polşanın Şeqin sərhəd məntəqəsinə çatıb.
Məlumata görə o, yenə sərhədi əvvəlki kimi Lvov vilayətindəki “Krakovets” məntəqəsindən keçməyə çalışır.
“Biz qatarı buraxıb, bütün qanuni vasitələrdən istifadə edərək Ukrayna ərazisinə keçəcəyik”, Saakaşvili Polşanın Peremışle vağzalında deyib.
Ukrayna prezidenti Petro Poroşenko iyulun 26-da ABŞ-da səfərdə olarkən onu vətəndaşlıqdan məhrum edib.
Saakaşvili ötən ay Polşada bildirib ki, vətəndaşlığını məhkəmə yolu ilə bərpa etmək üçün sentyabrın 10-da Ukraynaya dönmək fikrindədir.