Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edəcək

Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkonu onu Ukrayna vətəndaşlığından məhrum etməklə “qanunsuz sovet metodlarından istifadə etmək”də günahlandırıb. Saakaşvili bunu Azadlıq Radiosuna müsahibəsi zamanı bildirib.

Saakaşvili deyib ki, o, Polşaya Amerikadan Ukrayna pasportu ilə daxil olub. Onun sözlərinə görə, “sovet metodları ilə hərəkət etmək qərarı verən bəzi şəxslərin diktatorsayağı addımlarını” heç də bütün ölkələr qəbul etmir. Saakaşvilinin bildirdiyinə əsasən, onun vətəndaşlıqdan məhrum edilməsi Ukrayna prezidenti Petro Poroşenko tərəfindən qanunsuz bir hərəkətdir, belə ki o, vətəndaşlığın olmaması hallarına yol verməməklə bağlı Ukrayna konstitusiyası və beynəlxalq Konvensiyanı pozub.

Saakaşvili bildirib ki, onun hazırda bir məqsədi var: bu da öz hüquqlarını bərpa etmək və “Ukraynanın özündə” məhkəmənin qərarına nail olmaqdan ibarətdir. O bundan sonra başqa işlərlə məşğul olmağı planlaşdırdığını deyib.

Avqustun 4-də Mixail Saakaşvili Polşada 1944-cü ildə Varşavada nasist işğalı əleyhinə üsyanın ildönümü ilə bağlı mərasimdə iştirak edib. Bu, iyulun 26-da Ukrayna prezidenti Petro Poroşenko tərəfindən ölkə vətəndaşlığından məhrum edilməsindən sonra onun ilk xarici səfəri olub.