Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində Liviya hadisələri, Qəzzafi diktator rejiminin süqutunun digər avtoritar rejimlərə təsirləri, ərəb inqilablarının Azərbaycandakı proseslərdə rolu ilə bağlı məsələlərə toxunub.
Sual: Liviya hadisələrinin son nəticələrini necə görürsünüz?
Cavab: Qəzzafinin hakimiyyətdən uzaqlaşdırılması həll olunmuş məsələdir. Bu, artıq zaman məsələsidir. Təbii ki, Liviya xalqının qarşısında çox ağır bir problem durur. Liviya xalqı qısa müddətli olsa da vətəndaş müharibəsinin nəticələrini aradan qaldırmaq, ölkəni demokratik relsə keçirmək kimi çox böyük vəzifələrin qarşısındadır. İnanıram ki, onlar beynəlxalq birliyin dəstəyi ilə bu, çətin mərhələdən Liviyanı normal inkişaf yoluna keçirə biləcəklər.
Sual: Ərəb inqilablarının Azərbaycana təsirlərini necə qiymətləndirirsiniz? Mümkündürmü?
Cavab: Bu təsir artıq iki aydır ki, hiss olunur. Artıq, Azərbaycan cəmiyyətində dəyişiklik havası əsməyə başlayıb. Azərbaycan cəmiyyətində bir inamsızlıq hökm sürürdü. İnsanlar inanmırdılar ki, dinc yollarla nəyi isə dəyişmək olar, demokratiyaya keçid və kök atmış avtoritar rejimi dəyişmək mümkün olar. Amma, ərəb inqilablarının nəticəsində 30-40 il hakimiyyətdə olan avtoritar liderlər, diktatorlar, hakim ailələr xalqın iradəsi ilə hakimiyyətdən uzaqlaşandan sonra, Azərbaycanda da bunun mümkünlüyünə cəmiyyətdə inam yaranıb. Yəni, ərəb ölkələrində baş verənlər Azərbaycanda ilk növbədə, inamın bərpa olunmasında özünü göstərdi. Bu, çox önəmlidir. Çünki, əslində Azərbaycanda dəyişikliklərin qarşısını alan, cəmiyyətdəki inamsızlıq sindromu idi. Azərbaycanda demokratik qüvvələrin və gənclərin səyləri ilə bu inam, getdikcə daha da güclənir. Martın 11-də gənclərin, martın 12-də Müsavat Partiyasının keçirdiyi aksiyalar dəyişikliyə inamı əhəmiyyətli dərəcədə gücləndirib.
Sual: Bir sıra ekspertlər, xüsusilə qərb ekspertləri ərəb inqilablarının MDB məkanında Azərbaycanda davam edəcəyinə işarə edir. Azərbaycanda ictimai-siyasi mühit buna imkan verirmi? Çünki, Azərbaycanda da Liviyadakı kimi ordu və hüquq mühafizə orqanlarının siyasi olduğu müşahidə edilir.
Cavab: Proses MDB məkanında da davam edəcək. Bu şübhəsizdir. Azərbaycan, Ermənistan, Belorus, hətta Rusiya kimi ölkələrdə demokratikləşmə zəruridir. Xalqların bu istiqamətdə istəkləri var və proses qaçılmazdır. Ancaq, inqilabın hansı ölkədə nə vaxt baş verəcəyini demək bir qədər çətindir. Çünki, burada subyektiv amillər güclənir. Bu, həmin ölkələrdə cəmiyyətin dəyişikliklərə, fədəkarlıqlara hazır olması, siyasi qüvvələrin fəallığı, mövqe ortaya qoyması kimi amillərlə müşayiət edilir. Məsələn, Ermənistanda son günlər maraqlı proses baş verib. Ermənistan hakimiyyəti nəinki müxalifətin etiraz aksiyası keçirməsinə, hətta ölkənin mərkəzi meydanı olan “Azadlıq” meydanına daxil olmasına imlan verdi. Elə bil ki, Ermənistan demokratikləşmə məsələsində Azərbaycandan geri qalacağını hiss edib, buna şüurlu şəkildə imkan yaratdı. Bu, maraqlı bir nüansdır. Məncə, buna diqqət yetirmək lazımdır. Çünki, Azərbaycan və Ermənistanda demokratik dəyişikliklərin baş verməsi bölgədə proseslərin müsbət məcrada getməsi baxımından çox önəmlidir. Burada, kimin demokratik dəyişiklikləri daha sürətlə aparması da önəmlidir. Kim, daha sürətlə demokratik dəyişikliklərə gedəcəksə, həmin ölkə bir çox məsələlərdə, o cümlədən də Qarabağ məsələsində üstünlüklər qazana bilər. Bunu nəzərə almaq lazımdır.
Sual: Liviya və Misir hadisələri bir daha beynəlxalq birliyin münasibətlərində dəyişikliyin yaranmasını sübut etdi. Yəni, avtoritar rejimlər daha müdafiə edilmir, ikili standartlar aradan qalxıb. Siz necə hesab edirsiniz, MDB məkanındakı avtoritar rejimlərə qarşı ikili standartlar da aradan qalxıbmı?
Cavab: Azad dünyanın mövqeyinin dəyişməsi son dövrdə müşahidə olunan bir gerçəklikdir. Hələ 2010-cu ilin sentyabrında BMT Baş Assambleyasının toplantısında prezident Obamanın nitqində maraqlı məqamlar var idi. Prezident Obama nitqində açıq şəkildə bildirdi ki, yalnız terror təşkilatlarının başçıları deyil, avtoritar liderlər, öz xalqlarına zülm edənlər, hakimiyyət müddətlərini süni surətdə uzadan avtoritar liderlər də azad dünyanın, azadlığın düşmənləridir. Bunu prezident Obama açıq şəkildə bəyan etdi. Həmin çıxışdan sonra, azad dünyanın lideri olan Amerikanın mövqeyində dəyişikliyin başlanması ciddi ekspertlər, siyasətçilər üçün tam aydın idi. İndi, həmin xətt davam edir. Hesab edirəm ki, bu MDB məkanındakı ölkələrə də aiddir. Çünki, istər azad dünyanın media orqanlarında dəyişikliklərin baş verməsi ehtimal olunan ölkələr sırasında MDB ölkələrinin, o cümlədən Azərbaycanın adının çəkilməsi, Azərbaycanda və digər MDB ölkələrində korrupsiya, avtoritar hakimiyyətlər haqqında Wikileaks və başqa xətlərlə ifşaedici materialların çoxalması bir reallıqdır. Elə, bir neçə gün öncə Amerikanın ATƏT-dəki səfiri də bəyanat verib. Həmin bəyanatda martın 11-də gənclərin, martın 12-də Müsavatın etiraz aksiyası ilə bağlı məqamları xatırladıb. Hətta, konkret rəqəmlər gətirib ki, Müsavatın aksiyasında 63 nəfər saxlanılıb. Bütün bunlar sərbəst toplaşmaq, ifadə azadlığının boğulması kimi qiymətləndirilib. Bunun ATƏT standartları baxımından yolverilməz olduğu bəyan edilib və Azərbaycan hakimiyyətinə məhdudiyyətlərə son qoymaq çağırışı edilib. ATƏT-ə isə bu məsələyə diqqəti artırmaq tövsiyə edilib. Yəni, bütün bunlar MDB ölkələrinin də, o cümlədən Azərbaycanın da dəyişikliklər arzu edilən ölkələr sırasında olmasını bir daha təsdiq edir.