İqtisadçı ekspert Rəşad Həsənov Amerikanın Səsinə müsahibəsində vergi islahatları ilə bağlı yaranmış yeni çətinliklərdən danışıb.
Amerikanın Səsi: Azərbaycanda yeni vergi qanunvericiliyinə əsasən bir çox vergi ödəyicilərinin öhdəlikləri sadələşdirilmiş vergi ödəyicisindən gəlir və ya mənfəət vergi ödəyicisinə keçirilib. Bununla yanaşı, bu vergi öhdəliyinin bəyannamələrini təqdim etmək mühasibi olmayan şəxslər üçün xeyli çətindir. Bunun daha sadə yolları ola bilərmi?
Reformalar müəyyən mənada vətəndaşların bir çox hallarda işlərini çətinləşdirir. Kişik, mikrosahibkarların işlərini çətinləşdirir. Həddən artıq inzibatçılıq yükü formalaşıb.
Rəşad Həsənov: Bu əslində kifayət qədər ciddi müzakirə olunan məsələlərdən biridir. Sadələşdirilmiş vergidən imtina edilməsinin əsas səbəbi Azərbaycandsa gizli iqtisadiyyatın geniş yayılması və eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan çoxlarının leqal fəaliyyət göstərməyə, vergi hesabatını vaxtında verməyə, dövriyyəsini şəffaflaşdırmağa meylli olmamasındam qaynaqlanır. Sadələşdirilmiş vergi növünün özünün ciddi problemləri var. Problem ondan ibarətdir ki, bri çox vergi ödəyiciləri üzrə sadələşdirilmiş vergi dövriyyədən tutulur, bəzilərində sabit vergi ödəyiciləri tətbiq olunur, bəzilərində, məsələn tikinti sektorunda isə tikintini kvadratına tətbiq olunur. Bu isə digər fəaliyyətlərin heç birinin rəsmiləşdirilməsini tələb etmir. Buna görə də, bu, vergi mükəlləfi olaraq fəaliyyət göstərən şəxslər öz dövriyyələrini, alqı-satqılarını, əldə etdikləri mal və xidmətləri leqallaşdırmaqda maraqlı deyil. Bu da dəyər zəncirinin digər halqalarında dövriyyənin leqallaşdırılması imkanlarını məhdudlaşdırır. Bu baxımdan da son dövrlərdə ümumi yanaşma ondan ibarətdir ki, sadələşdirilmiş verginin əhatə dairəsi kiçildilsin. Mən sizinlə tamamilə razıyam ki, bu reformalar müəyyən mənada vətəndaşların bir çox hallarda işlərini çətinləşdirir. Kişik, mikrosahibkarların işlərini çətinləşdirir. Həddən artıq inzibatçılıq yükü formalaşıb. Demək olar ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların böyük əksəriyyəti məcburən bu vergi növlərində fəaliyyət göstərdikdə, artıq, onlar hansısa mühasib xidmətlərindən istifadə etməlidir. Bu isə əlavə xərc yükünə gətirib çıxarır. Amma, indiki halda dövriyyənin leqallaşması daha məqsədəuyğun və bu istiqamətdə görülənlər daha çox qəbul edilən olduğu üçün, düşünürəm ki, əslində sadələşdirilmiş vergi növünün əhatə dairəsinin kiçildilməsi məntiqlidir. Amma, eyni zamanda, mümkün qədər həm elektron informasiya vasitələrində, həmçinin hesabat blanklarının özünün strukturunda dəyişikliklər edilməlidir, sadələşdirmələr aparılmalıdır ki, hesabat verənlər ciddi çətinliklərlə üzləşməsin, əlavə vaxt və əlavə resurs sərf etməsin.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: 2018-ci ilin yanvarı ilə müqayisədə fiziki şəxslərin sosial ödəmələri 26 manatdan 62,5 manata yüksəlib. Sosial ödəmələri minimum əmək haqqı ilə bağlamaq nə qədər düzgündür? Bir də gəlirləri artmayan fiziki şəxslər bu ödəmələri hansı mənbədən əldə etməlidir?
burada bir disbalans da ortaya çıxır. 200 manat gəliri olanla, 10 min manat gəliri olan fiziki şəxs eyni rəqəmlərlə sığorta öhdəliyini yerinə yetirmiş olur. Daha yaxşı olar ki, burada faiz nisbəti tətbiq olunsun.
Rəşad Həsənov: Burara iki məqama diqqət etmək lazımdır. Sosial ödəmələr vətəndaşların yaşlılıq dövründə pensiya təminatını formalaşdırılmasında əsas maliyyə mənbəyidir. Bizdə, indiki halda, hətta son dövrlərdə baxmayaraq ki, bir neçə istiqamətdə müəyyən qərarlar qəbul edilib, qanunvericiliyə dəyişiklik edilib. Amma, yenə də pensiya fondunun gəlirlərinin təxminən 29-30 faizi dövlət büdcəsindən transfert hesabına formalaşır. 2014-cü ildən sonra ortaya qoyulmuş əsas mövqe ondan ibarət oldu ki, pensiya ödənişləri ilə sığorta yığımlarının arasında optimallıq təmin olunsun. Biri digərini ödəsin. Sadəcə əmək bazarının illeqal olması səbəbindən hazırda buna nail olunması mümkün olmayıb. Eyni zamanda 2017-ci il iyulun 1-dən qüvvəyə minən qanunvericilikdə vətəndşalar iki halda pensiyaya çıxa bilər.Bunlardan biri 25 il sığorta öhdəliyinin yerinə yetirilməsi, digəri minimum pensiya kapitalının yerinə yetirilməsidir. Bu kontekstdən yanaşanda 26 manatla fiziki şəxslərin pensiya kapitalını toplamaq imkanları yoxdur. Bu çox cüzi rəqəmlərdir. Məcburən bu şəxslərin böyük əksəriyyəti sığorta stajına görə pensiyaya çıxmalıdır. Bu da o deməkdir ki, bu insanları biz əvvəlcədən məcbur edirik ki, yaşlılıq dövründə minimum pensiya alsınlar. Yəni sığorta stajına görə pensiya, minimum pensiyadır. Bu da, bu gün 200 manatdır. Bu baxımdan, burada əvvəlcədən müəyyən qədər neqativ yüklər var idi. Bu gün də neqativ yüklər davam edir. Daha yaxşı olar ki, fiziki şəxslərə sosial sığorta öhdəliyi dövriyyənin həcminə uyğun faizlərlə müəyyənləşdirilsin. O zaman ədalətlilik təmin edilə bilər. Yəni, əvvəlki dövrdə olan 26 manat az idi, bu gün minimum əmək haqqının artımı ilə əlaqədar olaraq bu göstərici artıb. Eyni zamanda, 2020-ci ildə qanunvericiliyə dəyişikliklərlə bağlı bu,minmum əmək haqının 25 faizinə qadlırılıb. Beləliklə də 62 manat 50 qəpiyə çatıb. 62 manat 50 qəpiyin özü belə pensiya fondunun gəlirlərinin müəyyən qədər artmasına şərait yaratsa da (bu il gəlir 80 milyon proqnozlaşdırılır), amma yenə də vətəndaşın gələcəkdə, yaşlılıq dövründə sığorta yığımları ilə bağlı minimum öhdəliklərin yerinə yetirilməsinə imkan yaratmır. Eyni zamanda, burada bir disbalans da ortaya çıxır. 200 manat gəliri olanla, 10 min manat gəliri olan fiziki şəxs eyni rəqəmlərlə sığorta öhdəliyini yerinə yetirmiş olur. Daha yaxşı olar ki, burada faiz nisbəti tətbiq olunsun. Deyək ki, dövriyyənin 2 faizi və ya 3 faizi. Bu müzakirə olunub, müəyyənləşdirilə bilər. Bu zaman buradakl qeyri ədalətli yanaşma aradan tamamilə qalxacaq. Hər kəs öz gəlirinə görə ödəniş edəcək. O ki, qaldı vətəndaşlar bu ödəmələri hansl mənbədən əldə edir? Vətəndaşların gəlirlərində, biznesin gəlirlərində ciddi artımın olmadığını nəzərə alsaq, bu o deməkdir ki, vətəndaşların yığım imkanları məhdudlaşır. Çünki, faktiki olaraq digər xərcləri, o cümlədən də sosial sığorta xərcləri artır və son nəticədə vətəndaşların hətta alıcılıq gücü, maliyyə imkanı, ailə büdcəsinin gəlirlərində geriləmələr müşahidə olunur.
Amerikanın Səsi: Kiçik sahibkarlıq subyektlərinin vergi yükü artırılıb. Üstəlik bankdan nağdılaşdırma zamanı bir faiz əlavə vergi tutulur. Bütün bu vergilərdən sonra bankda da nağdılaşdırma zamanı bir faizin tutulması nə dərəcədə ədalətlidir?
Müəyyən şirkətlər yaranıb. Bu şirkətlər nağdılaşdırma prosesini həyata keçirməyə başlayıblar. Artıq, bir bazar formalaşıb.
Rəşad Həsənov: Ümumiyyətlə götürəndə 2018-ci ilin dekabrında “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərlə Azərbaycanda sahibkarlıq subyektlərinin dördüncü kateqoriyası yaradıldı. Hansı ki, mikrosahibkarlar. Beləliklə, əvvəlki dövrlərdə kiçik sahibkar adı altında fəaliyyət göstərən subyektlərin böyük əksəriyyəti hazırda mikrosahibkarlıq subyekti olaraq fəaliyyət göstərir. Çünki 10 nəfərdən az işçisi olan və dövriyyəsi 200 mim manatı keçməyən subyektlər artıq mikrosahibkarlıq subyektidir. “Vergi Məcəlləsi”nin 106 və 211-ci bəndlərinə edilən dəyişikliklərlə də şərait yaradıldı ki, mikrosahibkarlıq subyektləri həm gəlir vergisindən, həm mənfəət vergisindən 75 faiz azad olunsunlar. Eyni zamanda, onlar torpaq və əmlak vergisindən də azad edildilər. Müəyyən qədər, yəni mikrosahibkarlar üçün, əslində vergi yükünün artması yox, vergi yükünün azalması oldu. Amma, kiçik sahibkarlığın digər kateqoriyalarına düşən bölümlərində, təbii, siz dediyiniz kimi artımlar müşahidə olunur. Amma, ümumiyyətlə götürəndə nağdılaşdırmaya tətbiq edilən bir faizlik vergi növünün özünün hüquqi əsaslarında problemlərin olduğunu düşünürük. Çünki, bu, təkrar vergiyə cəlb etmədir. Siz dövriyyənizdən digər vergi növlərini ödəmiş olursunuz, amma gəlirsiniz bankdan öz hesabınızda olan vəsaiti likvidləşdirərkən (nağdılaşdırarkən) bu zaman yenidən bir faiz vergi tutulursa, bu o deməkdir ki, vergiyə cəlb olunmuş vəsaitlər bir də vergiyə cəlb olunur. Burada əsas məna ondan ibarətdir ki, insanlar nağdılaşdırmada maraqlı olmasınlar, çünki əlavə xərc yaranır. Xərcləmələri daha çox nağdısız həyata keçirsinlər. Amma qərar qəbul edilərkən Azərbaycan reallığı da nəzərə alınmalıdır. Çünki müəssisələrin 90 faizi bu gün təkcə bu qərardan deyil, eyni zamanda, fiziki və hüquqi şəxslərə tətbiq olunan aylıq 15 min və 30 minlik limitinə görə, nə qədər əlavə xərc yükü ilə üzləşməli olublar. Necə ki, müəyyən şirkətlər yaranıb. Bu şirkətlər nağdılaşdırma prosesini həyata keçirməyə başlayıblar. Artıq, bir bazar formalaşıb. Bu şirkətlər digər hüquqi və fiziki şəxslərin özlərinin vəsaitini bankdan likvidləşdirirlər, əvəzində 8-9 faiz, bəzi hallarda 13 faizədək əlavə pul alırlar. Yəni, 1 faiz buradan, 12-13 faiz digər tərəfdən, bu gün faktiki olaraq subyektlər əlavə xərc yükü ilə üzləşirlər. Buna görə də düşünürəm ki, problem hansısa digər yollarala həll edilə bilər. “İnzibati Xətalar Məcəlləsi”nə düzəliş edilə bilər və sair. Amma, vergiyə cəlb etmə faktiki olaraq bu gün problemin həlli deyil. Nəyə görə? Çünki bazar, eyni zamanda iqtisadi konyektur bu gün nağdısız xərcləmələrə uyğun olmadığı və subyektlər, bütövlükdə iqtisadiyyat buna hazır olamadığı üçün sadəcə qəbul edilmiş qərara əlavə xərc yükü formalaşdırır.