Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatla bağlı bəyanat verib.
Oktyabrın 11-də yayılan bəyanatda yazılıb ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir, beynəlxalq ictimaiyyətin terrorizmlə mübarizədə səylərini dəstəkləyir. "Biz əminik ki,… Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Sülhün mənbəyi» əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına,… sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək", - Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edir.
Türkiyə oktyabrın 9-da Suriyanın şimal-şərqində "Barış Pınarı" (Sülh bulağı) əməliyyatına başlayıb. Bu barədə çərşənbə günü prezident Rəcəb Tayyib Ərdoğan xəbər verib. O əlavə edib ki, hücumun məqsədi Türkiyənin cənub sərhədində “terror dəhlizini” aradan qaldırmaqdır.
Ərdoğan deyib ki, “Sülh Bulağı Əməliyyatı” adlanan hücumun hədəfi Suriyanın YPG yarı-hərbi dəstəsi və İslam Dövləti militantlarının yaratdığı təhlükəni aradan qaldırmaq, habelə ərazidə “təhülkəsizlik zonasının” yaranmasından sonra Türkiyədəki suriyalı qaçqınların geri dönmələrinə imkan yaratmaqdır. Amma bəzi ölkələr bunu Suriyanın ərazi bütövlüyünə qarşı əməliyyat kimi dəyərləndirib.