“And olsun Rüfətimin canına, əgər oğlumun başından bir tük əskik olsa, benzini götürüb, sarayınızın önündə özümü yandıracam, ruhum və mənəviyyatımla külümü əzəmətli sarayanıza səpdirməsəm, atamın qızı deyiləm! İlham Əliyev, ölümümüzə fərman versəniz də ruhumuzla üzərinizdə qələbə çalacağıq! Yetər!!! Bezdik daha!!!”
Bu bəyanatla keçmiş mustəntiq, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Rüfət Səfərovun anası Tahirə Tahirqızı çıxış edib.
Son illərdə Rüfətimi ard-arda 3 dəfə məhbəsə atıb it zülmünə məruz qoyulmasına fərman vermisiniz! Yenə əl çəkmirsiniz, məhbəslə qorxudursunz!Tahirə Tahirqızı, keçmiş müstəntiqin anası
Ana facebook səhifəsində yazıb ki, tək oğlu və mövcudluq şərti Rüfət son illərdə bir sülalənin idarəçiliyinə qarşı təkbaşına savaş edir.
“Onun geri dönmək fikri yoxdur və arxasındayam! Son illərdə Rüfətimi ard-arda 3 dəfə məhbəsə atıb it zülmünə məruz qoyulmasına fərman vermisiniz! Yenə əl çəkmirsiniz, məhbəslə qorxudursunz! İndilərdə evimə zəng edib tək oğlumu zindana atdırmaqla təhdid edirlər,” o qeyd edib.
Rüfət Səfərov Milli Şuranın 19 oktyabr aksiyası zamanı saxlanılıb və 30 sutka inzibati həbsə məhkum edilib.
Keçmiş müstəntiq Rüfət Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur.
Eldar Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.
Öz növbəsində prokurorluq bəyan edib ki, Rüfət Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.
2016-cı il yanvarın 15-də Rüfət Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. Rüfət Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də əvvəlki fikirlərindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.
Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.
Səfərov prezident İlham Əliyevin 2019-cu il 16 mart tarixli sərəncamı ilə əfv edilib.
Səfərov yerli hüquq müdafiəçiləri tərəfindən `siyasi məhbus` kimi tanınıb.
Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində bildirib ki, son zamanlar ayrı-ayrı siyasi xadimlərlə, müxalifət liderləri ilə görüşüb fikir mübadiləsi aparması siyasi hakimiyyətdə qıcıq yaradır.
Your browser doesn’t support HTML5
“Eyni zamanda, son dəfə inzibati həbsim zamanı mənimlə separat danışıqlar cəhdini ifşa etdiyimə görə hakimiyyət şəxsimə qarşı qəzəblidir.”
Onun sözlərinə görə, atasının hakimiyyətdə təmsil olunan dostları vasitəsi ilə hakimiyyətin yüksək dairlərindən dəfələrlə oğlunun həbs olunacağı ilə bağlı xəbərlər göndərilib.
“Xəbərdarlıqda deyilir ki, əvvəlki həbsim dövründə mənə qarşı edilən işgəncələr bu dəfə həbs edilən zaman ediləcək işgəncələrin yanında çox zəif görünəcək.”
Səfərovun dediyinə görə, dünən, noyabrın 25-də evlərinə zəng edib anasını da təhdid ediblər.
“Həmin zəngdən sonra anam çox həyəcanlanmışdı. Mən ona deyilən sözləri dilimə gətirə bilmərəm. Bir qadına, bir anaya belə sözlər demək, təhdid etmək, heç kimə, indiki anda hakimiyyət dairələrinə qətiyyən yaraşmır.”
Səfərov bildirib ki, təhdidlər, təzyiqlər onu azadlıqlar, hüquqi dövlətin qurulması və demokratiya yolunda mübarizədən çəkindirə bilməz.
“Mən soyuqqanlıyam. Son 4-5 il ərizndə Azərbaycan cəmiyyəti məni müşahidə edib necə qəbul edibsə, bundan sonra da öz fəaliyətimdəyəm. Bir daha təkrarlayıram, mənim fəaliyyətim qanuna və hüquqa söykənir,” o deyib.
Rəva bilmərəm ki, istənilən çətin, mürəkkəb situasiyada anam radikal, hətta məni belə çətin vəziyyətə sala biləcək addımlar atsın.Rüfət Səfərov, keçmiş müstəntiq
Səfərov anasının özünü yandıracağı barədə bəyanatına münasibət bildirərkən deyib ki, anasının təqsiri yoxdur.
“Bunun məsuliyyətini hakimiyyət daşıyır. Mən rəva bilmərəm ki, istənilən çətin, mürəkkəb situasiyada anam radikal, hətta məni belə çətin vəziyyətə sala biləcək addımlar atsın. Amma, hər bir halda anam sərt və açıq mesajını verib ki, məndən əl çəksinlər. Mənim heç bir siyasi kürsüyə iddiam yoxdur. Mənim bir vətəndaş kimi vəzifəm odur ki, Azərbaycanda yekunda demokratiya bərqərar olsun”.
Səfərov təhdidlərlə bağlı hüquq mühafizə orqanlarına, sonra isə məhkəmələrə müraciət edəcək.
“Baxmayaraq ki, Azərbaycanda hüquqi dövlətin, qanunun üstünlüyünün olmasına iddia etmirik. Çünki Azərbaycanda tam zorakı bir idarəetmə var. Amma, ölkə daxilində bütün prosedurları keçəndən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəm,” keçmiş müstəntiq deyib.
Öz növbəsində, Azərbaycan hakimiyyəti ölkədə insanların qanun qarşısında bərabər olduğunu, siyasi iradəsinə görə təqib olunmadığını bildirir.
Rəsmi Bakı bu sahədə tənqidləri qəbul etmir, qərəzli sayır.