Mayın 24-də bir qrup şəxs Rusiyanın Azərbaycandakı Səfirliyi qarşısında Moskvada saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasovun hüquqlarının müdafiəsi ilə bağlı etiraz aksiyası keçirməyə cəhd edib. Etirazçılar üzərində jurnalistin fotosu əks olunmuş “Hər birimiz Fuad olaq!” şüarı qaldırıb.
Polis insanları səfirliyin binasının qarşısına buraxmayıb. Bununla yanaşı aksiya iştirakçıları mediaya sözlərini deyib.
Hüquq müdafiəçisi Rövşən Əhmədli Amerikanın Səsinə müsahibəsində bildirib ki, Rusaiyada azərbaycanlı jurnalistə qarşı kobud davranış bu ölkənin hüquqi dövlət olmadığından xəbər verir.
Your browser doesn’t support HTML5
“Jurnalist Fuad Abbasova qarşı cinayətkar formada davranmaq göstərdi ki, Rusiya hüquqi dövlət deyil. Dövlət qanunla idarə olunmalıdır. Dövlətin qanunları da insanların hüquqlarının müdafiəsində olmalıdır. Bu yoxdursa, deməli kriminal idarəetmə var. Rusiya beynəlxalq konvensiyalara qoşulub və bu sənədlər daxilində götürdüyü öhdəliklərə əməl etməlidir,” hüquq müdafiəçisi qeyd edib.
Rusiya izahat versin görək hansı əsasla vicdanlı, qərəzsiz, obyektiv bir jurnalisti bu formada işgəncəyə məruz qoyub, həbs edib.Rövşən Əhmədli, hüquq müdafiəçisi
Onun fikrincə, Fuad Abbasvun Rusiyada yaşayan çoxmilyonlu azərbaycanlıların problemlərini çözə biləcək bir diasporanın yaranmasında fəaliyyətləri var idi.
“Biz Azərbaycan dövlətindən vətəndaşına sahib çıxmasını istəyirik. Azərbaycan dövləti rəsmi şəkildə Rusiyadan izahat btələb etməlidir. Rusiya dövlətindən isə jurnalistə qarşı edilmiş cinayətlə bağlı izahat verməsini istəyirik. Rusiya izahat versin görək hansı əsasla vicdanlı, qərəzsiz, obyektiv bir jurnalisti bu formada işgəncəyə məruz qoyub, həbs edib, o qeyd edib.
“Fuada işgəncə verənlər Rusiyanın hüquq-mühafizə orqanlarıdır. Buna görə Rusiya işgənclərə və qanunsuzluqlara görə hüquqi mənada cavab verməlidir. Məhkəmə qərarı olmadan insanı həbs etmək, təhqir etmək, işgəncə vermək və bunu televiziya kanallarında Azərbaycanın əleyhinə tirajlamaq hamımıza qarşı yönəlmiş bir hərəkətdir”, aksiya iştirakçısı qadın deyib.
Jurnalist Fuad Abbasov 2015-ci ildə Rusiya telekanallarında Rusiya hərbi təyyarəsinin Türkiyədə vurulmasının müzakirəsinə dair tok-şoulardakı çıxışları ilə tanınır. Abbasov Türkiyənin mövqeyini açıqlamaq üçün İhlas agentliyinin müxbiri kimi dəvət edilmişdi.
Sonradan o, Azərbaycana dair məsələlərə həsr olunmuş tok-şoularda da iştirak edib.
Son vaxtlar Fuad Abbasov azərbaycanlıların bəzi diaspor təşkilatlarını soydaşlarının maraqlarını yetərincə müdafiə etməməsinə görə tənqid edib və Rusiyada yaşayan azərbaycanlıların partiya yaradacağını anons edib.
Jurnalist mayın 16-da Moskvada saxlanılıb. Onun mayın 28-də Azərbaycana deportasiya olunacağı gözlənilir.