Rza Əsgəriyan müvəqqəti olaraq sərbəst buraxılıb

Rza Əsgəriyan

İran Azərbaycanının Sarab şəhərində təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınan fəal Rza Əsgəriyan Sərdahayi mülki vəsiqə qarşılığında məhkəməyə qədər müvəqqəti olaraq sərbəst buraxılıb.

Rza Əsgəriyan təxminən bir ay təhlükəsizlik qüvvələrinin nəzarətində sorğu-suala çəkildikdən sonra sentyabrın 9-da, 350 milyon tümənlik mülki girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, sosial media fəala qarşı sürülən ittihamlarla bağlı hələ ki, heç bir məlumat yoxdur.

Rza Əsgəriyandan təxminən bir ay nəzarət altında saxlanıldığı müddətdə heç bir məlumat yayılmamışdı.

Rza Əsgəriyanın nəzarətə alınması ilə bağlı xəbər yayılmadan öncə, Fars News xəbər agentliyi “illər boyu təhlükəsizlik və dinə qarşı təhqiredici şərhlər" paylaşan "Sarablılar" adlı Instagram səhifəsinin administratorlarının həbs edildiyi xəbərini yaymışdı.

Sarab

İranın dini lideri Əli Xameneinin Sarab şəhərindəki nümayəndəsi Əli Əkbər Əkrəmi yayımlanan xəbərdən sonra təhlükəsizlik qüvvələrinə həmin sosial media fəallarını həbs etdiklərinə görə təşəkkür edib, səhifənin moderatorlarını din və məzhəbə yönəlik təhqiredici məzmunlar paylaşmaqda ittiham etmişdi.

Rza Əsgəriyan nəzarətə alınandan sonra, “Sarablılar” adlı Instagram səhifəsi bağlanıb.

Sarablılar Instagram səhifəsində Azərbaycan mədəniyyəti, tarixi və türk dili haqda və hakimiyyətə qarşı bəzi tənqidi məzmunlar yayımlanırdı.

Rza Əsgəriyan Sərdahayi inşaat mühəndisliyi üzrə magistr dərəcəsi alıb.