İran telekanallarının əməkdaşı rejissor Rza Siyami İran Azərbaycanında kino sənətinin gələcəyinə ümidlə baxdığını deyir. İran, Azərbaycan Respublikası və Türkiyə televizyalarında yayımlanmış bir çox film və teleserialın rejissor və prodüseri Amerikanın Səsinə müsahibədə türk və fars dillərində çəkdiyi filmlər, həmçinin İran Azərbaycanında kino sənətinin durumu və gələcəyi haqda danışıb.
Your browser doesn’t support HTML5
“Vüsal Günləri”, “Son Köç”, “Gizli Atəş” və “Şeyx Şamil” kimi filmlər və teleserialların müəllifi İran televisiyasının müxtəlif kanallarından əlavə Azərbaycan Respublikası və Türkiyə telekanalları ilə də əməkdaşlıq etdiyini bildirir.
Mən gələcəyi yaxşı görürəm. Umud var. Yəni bizim bu gənclərin 10 nəfərindən biri də uzun metrajlı film sahəsində, professional sinəmada fəaliyyətinə davam etsə böyük müvəffəqiyyət olar. İran Azərbaycanında ildə iki türk sinəması çəkilsə də yetərlidir, yəni bizim kültürümüz, sosial məsələlərimizi də araya qoya, dilə də dəyər verə...Rza Siyami
Siyaminin çəkdiyi filmlər Ərdəbil vilayəti kanalı (ustan şəbəkəsi), İranın tamamına proqram yayan kanallar eləcə də, Azərbaycan Respublikasına proqram yayımlayan Səhər TV tərəfindən nümayiş olunublar. Bəzisi fars bəzisi isə türk dilində çəkilən filmlərin bir hissəsi həm orijinal dildə yayımlanıb, həm də digər dilə dublyaj olunaraq hər iki dildə izləyicilərə təqdim edilib.
Rza Siyami hazırda İran Azərbaycanına məxsus bir kino sənətinin mövcud olmadığını deyir:
“İran Azərbaycanında ticari film desək bir Azərbaycan sineması demək olar yoxdur. Bir az çalışmalar olub, məsələn, cənab Yədulla Səmədinin çəkdiyi dörd-beş film, Saray, Dəli Domrul və Savalan kimi filmlər var, onlar da folklor mövzularda olub, yəni sosial məsələlər yoxdur, sadəcə folklordur...”
İranın kino sənətində tanınmış rejissorlar və oyunçuların bir çoxunun Azərbaycan şəhərlərindən olduğunu qeyd edən Siyami onların Azərbaycan məsələsi ilə tanış olmadığını, maraqlanmadığını deyir. O, misal olaraq əslən Şərqi Azərbaycan vilayətinin Miyana şəhərindən olan məşhur kinorejissor Cəfər Pənahinin adını çəkir.
İran Azərbaycanında ticari film desək bir Azərbaycan sinəması demək olar yoxdur. Biraz çalışmalar olub, misal üçün cənab Yədulla Səmədinin çəkdiyi dörd-beş film, Saray, Dəli Domrul və Savalan kimi filmlər var, onlar da folklor mövzularda olub, yəni sosial məsələlər yoxdur, sadəcə folklordur...Rza Siyami
Rejissor, ticari filmlərin əksinə qısa metrajlı və festivallar üçün çəkilən filmlərlə bağlı durumun fərqli və çox daha yaxşı olduğuna inandığını ifadə edir:
“İndi çox güclü və dəyərli qısa film çalışmaları var. Bunların çoxu türk dilindədir. Bir çox festivala qatılıb mükafat alanlar da olub. Ancaq, təəsüflə bu növ filmlər ticari iş olmadan festivallardan kənara çıxmır, televiziya və sinəma ekranlarına girə bilmir. Buna görə də tanınmamış qalır. Amma, sənət baxımından çox yaxşı çalışmalardır. Dəyərli gənclər vardır, bunlar bu dönəmi aşsalar və professional sinəmaya yol açsalar...”
O, gələcəyə ümidlə baxır:
“Mən gələcəyi yaxşı görürəm. Ümid var. Yəni bizim bu gənclərin 10 nəfərindən biri də uzun-metrajlı film sahəsində, peşəkar sinemada fəaliyyətinə davam etsə böyük müvəffəqiyyət olar. İran Azərbaycanında ildə iki türk sineması çəkilsə də yetərlidir, yəni bizim kültürümüz, sosial məsələlərimizi də araya qoya, dilə də dəyər verə...”
Rejissor həmçinin İran Kürdüstanında kino sənətinin durumu ilə bağlı düşüncə və məlumatını Amerikanın Səsi ilə paylaşıb.
“Kürd sineması deyəndə, bu İran, İraq ya Türkiyə kimi ölkələrə məhdud olmur, misal üçün kürd filmlər festivalı keçirilir, müxtəlif ölkələrin kürdləri film çəkib orada nümayiş etdirirlər,” deyə bildirən Rza Siyami müxtəlif ölkələrdə yaşayan kürd sənətçilər arasındakı dərin əlaqələrdən söz açır. O, həmçinin İraq Kürdüstanı mədəniyyət qurumlarının digər ölkələrdəki kürd rejissorlara dəstək verdiyini bildirir.