“Bir yandan Pəhləvi dönəmindən qalan assimilyasiya siyasətini davam edəcəksiniz, bir yandan da yox etmək istədiyiniz dili qorumaq üçün dil qurumu açacaqsınız. Məncə bu olan iş deyil. Bir qandırmacadır.” Bu İranda iki ildir Türk Dil Qurumunun təsisinə dair verilən vədlərlə bağlı güneyli türkoloq və akademik Məhəmməd Rza Heyətin sözləridir.
Your browser doesn’t support HTML5
"Varlıq" dərgisinin redaktoru və Ankara Universitetinin müəllimi Amerikanın Səsi ilə söhbətdə son illər prezident Həsən Ruhani və digər siyasətçilərin dil haqlarına dair verdiyi sözlərin mahiyyəti, siyasi anlamı və önəmini dəyərləndirməklə yanaşı, “Türk Dil Qurumu” vədinin gündəmdən çıxarılıb yerinə “Azərbaycan Kültür və Sənət Quruluşunun” gətirilməsi ilə bağlı öz düşüncələrini ifadə edib.
Verilən sözlərin tutulub tutulmaması əlbəttə çox önəmlidir. Ancaq, bunların mövzusu və mahiyyəti də bir o qədər önəmlidir. İranın indiki vəziyyətinə baxdığımızda görürük ki, təqribən son 25 ildə xalqımızın ana dilinə və öz milli dəyərlərinə göstərdiyi həssasiyyət və ortaya qoyduğu tələblər artdıqca, adaylar (namizədlər) tərəfindən verilən sözlərin də mahiyyəti dəyişir.M.Rza Heyət
İran prezidenti Həsən Ruhani 2013 il seçki kampaniyalarında Təbrizdə Türk Dil Qurumu təsis ediləcəyinə dair söz vermişdi. Lakin daha sonra İranda etnik qruplar və dini azlıqlar üzrə prezident yardımçısı Əli Yunesi bu vədin gündəmə çıxmasının ilk başdan yanlış olduğunu, Şərqi Azərbaycan valisi isə Türk Dil Qurumu yerinə Azərbaycan Kültür və Sənət Quruluşunun gündəmə alındığını ifadə etdilər.
Yerli mediaya əsasən, dil qurumunun gündəmdən çıxarılması əhalinin etirazı ilə qarşılanır. “Azərbaycan əhalisi varlığının təhlükədə olduğu türk dilini qorumaq üçün bu qurumun təsisini tələb etdi. Onun yerinə hədəfləri müəyyənləşməmiş məchul bir qurumdan söz etməyin məntiqi və inandırıcılığı yoxdur,” deyə Urmiyədən idarə edilən internet qəzeti Durna News yazıb.
Yerli medianın təhlilləri ilə razılaşdığını ifadə edən M.Rza Heyət İranda hakim düşüncənin hədəfində “türklükdən boşaldılmış, Azəri və Aryanizm ünsürləri ilə doldurulmuş bir Azərbaycan” olduğunu önə çəkir:
“Azərbaycan Kültür və Sənət Quruluşu nə deməkdir? Nədən belə ad tərcih edilir? Bunları bilmirəm. Amma bu düşüncə sistemi Azərbaycanı bir qabıq və torba kimi görür və bu torbanın içini özü istədiyi şeylərlə doldurmaq istəyir. Onun içində türk yoxdur, türk dili yoxdur, türklərə xidmət edənlər yoxdur. İçində Azəri var, türklükdən boşaldılmış, Aryanizm ünsürləriylə doldurulmuş bir Azərbaycan var.”
"Varlıq" dərgisinin əməkdaşı İranlı siyasətçilərin dil haqlarına dair verdiyi sözləri qeyri-səmimi görsə də, bu vədlərin xalqın ana dili və milli dəyərlərə göstərdiyi həssaslığını əks etdiyini və bu baxımdan önəm daşıdığını vurğulayır.
“Verilən sözlərin tutulub tutulmaması əlbəttə çox önəmlidir. Ancaq bunların mövzusu və mahiyyəti də bir o qədər önəmlidir. İranın indiki vəziyyətinə baxdığımızda görürük ki, təqribən son 25 ildə xalqımızın ana dilinə və öz milli dəyərlərinə göstərdiyi həssasiyyət və ortaya qoyduğu tələblər artdıqca, adaylar (namizədlər) tərəfindən verilən sözlərin də mahiyyəti dəyişir,” deyə Heyət söyləyir.
Azərbaycan Kültür və Sənət Quruluşu nə demək? Bunu bilmirəm. Amma, bu düşüncə sistemi Azərbaycanı bir qabıq və torba olaraq görür və bu torbanın içini özü istədiyi şeylərlə doldurmaq istəyir. Onun içində türk yoxdur, türk dili yoxdur, türklərə xidmət edənlər yoxdur. İçində Azəri var.M.Rza Heyət
O, bu istiqamətdə keçmiş məclis və son seçkilərdə prezidentliyə namizədlər tərəfindən irəli sürülən vədlərə işarə edərək, tələblər artdıqca vədlərin də daha müəyyən və açıq şəkildə ortaya qoyulduğuna diqqət çəkir.
Siyasətçilər tərəfindən verilən sözlərin toplumun tələblərini əks etdiyini vurğulayan Ankara Universiteti müəllimi tələblər və vədlər arasındakı əlaqəni bu sözlərlə açıqlayır:
“Birincisi, xalqımızın ana dili türkcəyə qarşı duyarlılığı və həssasiyyəti hər alanda özünü göstərməyə başlamış. Hər il Dünya Ana Dili Günündə minlərlə insan şüar verərək, yazı yazaraq, ya da mitinq düzənləyərək türk dilində məktəblərin açılmasını tələb edir, ya idman yarışmalarında Türk dilində mədrəsə, olmalıdır hərkəsə, ya da Urmiyə Gölü ilə bağlı şüarlar ən önəmli istəklər halına gəlmiş.
İkincisi də bu istəklər qarşılanmadığı üçün türklərin yaşadığı bölgələrdə seçimlərə qatılım ölçüsü çox düşmüş. Əslində Tehranla bu bölgələr, xüsusilə Tehranla Azərbaycan arasında rəsmən bir qopuqluq meydana gəlmiş. Buna görə də, son cümhurbaşqanı seçkilərində Həsən Ruhani tərəfindən verilən sözlər tamamilə ana dili məsələsi, etnik haqlar və qısacası xalqın özünə milli dəyər saydığı mövzularla bağlı idi.”
Məhəmməd Rza Heyətin sözlərinə görə, “bu sözlər elə o zaman da inandırıcı gəlmirdi, ancaq bu kimi məsələlərin sözdə olsa belə ortaya atılması məncə böyük bir gəlişmənin, oyanışın və özünə qayıdışın güclənməsinin xəbərçisi idi.”
O, bu vədlərin səmimi olduğuna inanmamasının səbəblərini də açıqlayır:
“İndiki şərtlərdə belə bir qurumun açılacağına inanmıram, çünki assimilyasiya və farslaşdırma siyasəti davam etdikcə zatən belə bir qurumun açılması mümkün deyil. Bir yandan Pəhləvi dönəmindən qalan assimilyasiya siyasətini davam etdirəcəksiniz, bir yandan da yox etmək istədiyiniz dili qorumaq üçün dil qurumu açacaqsınız. Məncə olan iş deyil, bu bir qandırmacadır.”
Heyətin fikrincə, hökümətin dil haqları ilə bağlı problemləri çözmək istəməsinə dair iddiaları ancaq bu problemin varlığını qəbul etdiyi zaman inandırıcı ola bilər:
“Belə işlərdə başlanğıc nöqtəsi önəmlidir. Məsələn, gerçəkdən niyyət xeyirdirsə hər şeydən əvvəl sorunu, problemi qəbul etmək lazimdir, yəni rəsmilər "İranda belə bir problem vardır"-deyə açıqlama verməlidir. Ondan sonra çözüm yolları axtarılmalıdır ki, məncə dil qurumu açılması ilə başlanmaz. Qaldı ki, Türk adını deməkdən çəkinən, ona Azəri deyən bir düşüncə sisteminin açdığı dil qurumu kimə və nəyə xidmət edər?”
“Türklər bu ölkənin əsli ünsürüdür,” deyə ifadə edən Varlıq dərgisinin redaktoru İran İslam Respublikası məktəblərinin dərsliklərində dərc edilmiş anti-türk yazılara diqqət çəkərək, etnik və mədəni haqların təmin edilməsi üçün bu növ məzmunların götürülməsinin gərəkli olduğunu vurğulayır.
O, Türk Dil Qurumu yerinə gündəmə gətirilən Azərbaycan Kültür və Sənət Quruluşunun təsis edildiyi təqdirdə hansı fəaliyyətlərlə məşğul olacağ ilə bağlı təxminlərini Amerikanın Səsi ilə paylaşır:
“Mən elə bir qurumdakı fəaliyyətləri indidən təxmin edə bilirəm, misal üçün orada ehtimalən Nizami, Xaqani ya Qətran kimi farsca şeir yazan Azərbaycan şairləri incələnəcək, onlar örnək göstəriləcək. Hər hansı bir dil təlimi olsa da bunun bir bölgəsəl ya vilayət quruluşu olduğu üçün hər məntəqədə fərqli bir türkcə, ya onların deyimi ilə azəricə öyrədiləcək.”
M.Rza Heyət etnik qruplar və dini azlıqların məsələləri üzrə İran prezidentinin yardımçısı Əli Yunesi kimi rəsmilərin mövqeyini də tənqid edir:
Türkcə İrandakı bütün türklər üçün varlıqla yoxluq arasında bir sərhəddir, türkcə varsa türk vardır, bu bir kimlik məsələsi və var olma səbəbidir.
“Əli Yunesi keçənlərdə demişdi ki, Qərbi Azərbaycandakı türklərin çoxu əslən kürddür və sonradan türkləşmiş. Mən bu sözləri etniklər üzrə cümhurbaşqanı müşaviri olan birinə yaraşdıra bilmirəm. İranda türk yoxdur, türkləşmiş fars ya kürd var deməklə olmaz bu işlər. Yəni əgər ölçü insanların bu gün danışdıqları dil deyilsə və onların soyu nəzərə alınacaqsa, o zaman son 100 ildə Tehranda, Şirazda, İsfahanda və Xorasanda farslaşmış türklərin hesabı nə olacaq?”
Ankara Universitetində Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümünün müəllimi türk dilinin Güney Azərbaycan və İranın digər vilayətlərində yaşayan türklər üçün bir varlıq əlaməti olduğuna inandığını söyləyir.
“Türkcə İrandakı bütün türklər üçün varlıqla yoxluq arasında bir sərhəddir, türkcə varsa türk vardır, bu bir kimlik məsələsi və var olma səbəbidir... Buna görə də hər şeydən öncə türk dili hədəf alınır, öncə adı dəyişdirilir, sonra da içərisi, özü dəyişdirilir. Məncə Azəri dili və Azərbaycan dili arasında da adlandırma və hədəf açısından heç bir fərq yoxdur, və çox təəssüf ki, bu siyasət Azərbaycan Cümhuriyyətində də davam etdirilir,” deyə Məhəmməd Rza Heyət əlavə edir.