Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Fəsad Mustafayev görmə qabiliyyətini itirmiş II qrup əlil Bakı şəhər sakininin əlillik dərəcəsinin təsdiq edilməsi üçün təkrar müayinənin və əlillik dərəcəsi üzrə təyinatın aparılmasına görə 2015-ci ilin noyabrında 1500 manat istəyib və 1200 manata razılaşıblar. Mustafayev razılaşdırılmış 1200 manat pulu noyabrın 23-də xidməti otağında alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, əməliyyat əlilin şikayəti əsasında keçirilib.
F.Mustafayevin üzərində, xidməti otağı və avtomobilində həyata keçirilmiş baxış, axtarış və götürmə istintaq hərəkətləri zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik bir sıra sənədlər aşkar edilərək maddi sübut qismində götürülüb.
Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
F.Mustafayev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.