Rusiyada konsert hücumunda şübhəlilər həbsxanaya göndərilib

Martın 24-də Moskva məhkəməsi Moskva yaxınlığındakı konsert zalında 137 nəfərin ölümü və 180-dən çox insanın yaralanması ilə nəticələnən terror hücumunda ittiham olunan 4 şübhəliyə qarşı məhkəməyə qədər iki ay müddətinə həbs qətimkan tədbiri qərarı çıxarıb.

Basmanıy rayon məhkəməsi şübhəlilər Saydakram Rajabalizoda, Dalerjon Mirzoyev, Muhammadsobir Fayizov və Faridun Şamsiddinin Tacikistan vətəndaşı olduqlarını bildirib. Məhkəmə dörd nəfərdən üçünün - Mirzoyev, Rajabalizoda və Şamsiddinin ittiham olunduqdan sonra günahını etiraf etdiyini bildirib.

Associated Press xəbər agentliyinin bildirdiyinə görə, Fayizov məhkəməyə birbaşa xəstəxanadan əlil arabasında gətirilib və proses boyu gözləri bağlı oturub. Associated Press-in dediyinə görə, onun bədənində çox sayda kəsiklər olub və məhkəmədə onu həkimlər müşayiət edib.

Məhkəmə zalına gətirilərkən üzlərində qan ləkələri və şişlər olan şübhəlilər tərcüməçilərlə təmin edilib. Həbs zamanı qulağının kəsildiyi bildirilən Rajabalizodanin başının sağ nahiyəsində sarğı olub. Lakin onun qulağının kəsilməsinə dair rəsmi təsdiq olmayıb və məhkəmə-tibbi fotoşəkillərdə onun başının zədə olan nahiyəsi göstərməyib.

Müstəntiqlər istintaqın sirrinin qorunması, iştirakçıların və onların yaxınlarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini əsas gətirərək, dinləmələrin qapalı keçirilməsini tələb edib.

Məhkəmənin gizli keçirilməyən hissəsində 32 yaşlı Mirzoyevin Rusiyanın Novosibirsk şəhərində qeydiyyatda olduğu açıqlanıb. O, evlidir və 18 aylıq əkizlər də daxil olmaqla, 4 uşağı var.

Rajabalizoda deyib ki, 30 yaşı var, ailəlidir, bir övladı var.

Dörd nəfər Rusiya rəsmilərinin martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” binasına hücumla əlaqəli həbs edilən 11 nəfər arasındadır.

Martın 24-də Rusiya terror qurbanları üçün ümummilli matəm günü qeyd edib.