Rusiyada təyyarə donmuş çaya enib

Antonon-24

Rusiya nəqliyyat prokurorları bildiriblər ki, 30 sərnişin və 4 ekipaj üzvünü daşıyan sovet dövründən qalma Antonov-24 təyyarəsi cümə axşamı pilotun səhvi səbəbilə Rusiyanın uzaq şərqində hava limanı yaxınlığındakı donmuş çaya enib.

Prokurorlar deyib ki, Polar Airlines şirkətinə məxsus An-24 təyyarəsi Yakutiya vilayətinin Zıryanka şəhəri yaxınlığındakı Kolıma çayına təhlükəsiz şəkildə eniş edib.

"İlkin məlumatlara görə, aviasiya hadisəsinə səbəb təyyarəni idarə edərkən ekipaj üzvlərinin səhvi olub", Şərqi Sibir nəqliyyat prokurorluğunun sözçüsü bildirib.

Prokurorlar təyyarənin donmuş çayda çəkilmiş şəkillərini yayıblar. “İzvestiya” qəzeti sərnişinlərin enərkən şəkillərini dərc edib.

"An-24 təyyarəsi Zıryanka hava limanının uçuş-enmə zolağından kənarda yerə enib", Polar Airlines-ın qısa bəyanatında deyilir.

"Ölən və yaralananlar yoxdur", məlumatda deyilir.