Ukrayna prezidenti Volodimir Zelenski ABŞ rəsmilərini ölkəsinə Rusiyanın işğalı ilə mübarizəyə yardım üçün 61 milyard dollarlıq yeni yardımı təsdiqləməyə çağırarkən, dekabrın 13-də Rusiya raketlərinin Ukraynanın paytaxtını hədəf alması azı 45 nəfərin yaralanmasına səbəb olub.
Ukrayna Hərbi Hava Qüvvələri ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyanın atdığı 10 ballistik raketin hamısını vurduğunu bildirib.
Kyiv meri Vitali Kliçkonun bildirdiyinə görə, vurulan raketlərin parçaları uşaq xəstəxanasına və şəhərin su sisteminə zərər verib. Kyiv hərbi administrasiyasının rəhbəri Serhiy Popko isə dağıntıların bir neçə evi də zədələdiyini deyib.
"Rusiya bir daha sübut etdi ki, gecələr raket atəşi açan, qışda yaşayış məntəqələrini, uşaq bağçalarını və energetika obyektlərini vurmağa çalışan mənfur ölkədir. Əlbəttə ki, cavab olacaq"- deyə, Zelenski sosial şəbəkədə bildirib.
Zelenski əlavə edib ki, o, ABŞ prezidenti Co Baydenlə Ukraynanın Hava Hücumundan Müdafiə Sistemlərinin sayını artırmaq üzərində işləmək barədə razılığa gəliblər və Rusiya öz hərəkəti ilə "bu qərarın nə qədər vacib olduğunu nümayiş etdirib".
Bayden administrasiyası çərşənbə axşamı Ukraynaya əvvəllər təsdiqlənmiş resurslardan hava hücumundan müdafiə raketləri və komponentləri daxil olmaqla, 200 milyon dollara qədər yeni hərbi yardım elan edib.
Ukrayna lideri iki ilə yaxındır gedən amansız müharibədən sonra xalqının ərazilərini ruslara verəcəyi fikrini rədd edib.
O, "düzünü desəm, bu, dəlilikdir" deyib.
"Bilmirəm, bu kimin fikridir, amma mənim bu insanlara bir sualım var: Onlar öz övladlarını terrorçulara verməyə hazırdırlarmı. Məncə, yox" - deyə, o əlavə edib.
Bayden də Ukraynanın qələbəsi üçün təzyiq göstərir və belə görünürdü ki, Moskva ilə danışıqların başlanmasına qarşı çıxır.
Bayden "Biz Putinin Ukraynada uğursuzluğa davam etməsini və Ukraynanın uğur qazana bilməsini təmin etməliyik. Bunun üçün ən yaxşı yol əlavə maliyyələşdirmədir" deyib.
Lakin yardımı imzalayan ABŞ Konqresi bundan hələ də əmin deyil. Çərşənbə axşamı Zelenski qanunvericiləri razı salmaq üçün onlarla görüşüb.
Respublikaçılar maliyyələşdirməyə "düzgün nəzarət" etmək, eyni zamanda "strategiyanın nədən ibarət olduğunu aydın şəkildə" görmək istədiklərini deyirlər
Bu arada Bayden yardım paketini verməməyin Moskvanın xeyrinə olduğunu deyərək, Respublikaçıları günahlandırıb.