Rusiyalı gimnast “Z” simvoluna görə bir il müddətinə yarışlardan kənarlaşdırılıb

Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Ukraynanın Odessa vilayətinin Zatoka kəndinə raket zərbəsi nəticəsində zədələnən bina

Rusiyalı bədii gimnast mart ayında Qətərdə keçirilən yarış zamanı geyimində Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstəyin simvolu olan “Z” hərfini nümayiş etdirdiyinə görə bir il müddətinə yarışlardan kənarlaşdırılıb.

Beynəlxalq Gimnastika Federasiyası (FIG) mayın 17-də yaydığı bəyanatda bildirib ki, Dohada keçirilən Dünya Kubokunda bürünc medal qazanan İvan Kulyak, podiumda ukraynalı qızıl medalçı İllya Kovtunun yanında dayanarkən formasına "Z" işarəsi vurmaqla FIG nizamnamələrini, FIG intizam kodeksini, FIG etika kodeksini, FIG davranış kodeksini və FIG texniki reqlamentini pozub.

Ukraynadakı Rusiya hərbi maşınları “Z” hərfi ilə işarələnib və bu simvol fevralın 24-də başlayan müharibəyə dəstək olaraq sosial şəbəkələrdə və geyimlərdə görünməyə başlayıb.

FIG bildirib ki, Kulyakın "bu qərarın qəbul edildiyi tarixdən etibarən bir il ərzində FIG üzvü olan federasiya tərəfindən təşkil edilən hər hansı tədbirdə və ya yarışmada iştirak etməsinə icazə verilmir".

Kulyak eyni zamanda bürünc medalını və 500 İsveçrə frankı (təxminən, 503 dollar) məbləğində pul mükafatını geri qaytarmalıdır. O, həmçinin məhkəmə xərcləri üçün 2000 İsveçrə frankı ödəməlidir.

"Rusiya idmançılarını yarışlardan iştirakınının qarşısını alan qoruyucu tədbirlər 2023-cü il mayın 17-də hələ də qüvvədə qalarsa, qadağa qeyd olunan tədbirlərin aradan qaldırılmasından altı ay sonra davam edəcək və bitəcək", - federasiyanın intizam komissiyası öz qərarında bildirib.

Kulyakın qərardan şikayət etmək üçün 21 günü var.