Avropa və dünya boyu, çoxu rusiyalı mühacir olmaqla, yüzlərlə etirazçı, Kremlin tənqidçisi Aleksey Navalnın ölümü ilə bağlı qəzəblərini ifadə etmək üçün bir araya gəlib.
Rusiya səfirlikləri önündə toplaşan insanlar Navalnın ölümünə görə gühanlandırdıqları Rusiya Prezidenti Vladimir Putinlə bağlı tənqidi şüarlar səsləndiriblər və əllərində “qatil” yazılan plakatlar tutaraq, cavabdehlik tələb ediblər.
Həbsxana rəsmilərinin bildirdiyinə görə, Putinin ən güclü daxili rəqibi Navalnı 30 illik həbs cəzasını çəkdiyi Arktikadakı cəza koloniyasında cümə günü gəzintidən sonra huşunu itirib və ölüb.
Berlində, polisin təxmininə görə, 500-600 nəfərlik bir izdiham şəhərin Unter den Linden bulvarında toplaşaraq, rus, alman, ingilis dillərində şüarlar səsləndiriblər.
Bəziləri Ukraynada törədilən mümkün müharibə cinayətlərini araşdıran beynəlxalq cinayət məhkəməsinə istinad edərək “Putin Haaqaya” şüarları səsləndirib. Polis Rusiya səfirliyi ilə izdiham arasındakı yolu bağlamaq üçün barrikadalardan istifadə edib.
“Aleksey Navalnı Rusiya müxalifətinin lideridir və biz onun adına həmişə ümidli idik,” müharibə əleyhinə ağ və mavi bayrağa bürünən və adının İlya olduğunu bildirən bir kişi deyib.
Çox sayda mühacirin yaşadığı və əvvəllər Moskvadan idarə olunan, indi isə NATO və Avropa İttifaqının üzvü olan Litvada etirazçılar Navalnının portreti önünə güllər və şamlar qoyub.
“O həmişə bizimlə idi, ona görə də bu, sürrealdır,” 2022-ci ildə Rusiyanı tərk edəndən bəri Vilnyusda yaşayan Pussy Riot qrupunun fəalı 26 yaşlı Lyuşa Şteyn deyib. “Heç birimiz hələ də nə olduğunu anlamamışıq,” o əlavə edib.
Rusiyanın özündə prokurorlar ruslara Moskvada hər hansı kütləvi etiraz aksiyasında iştirak etməmələri barədə xəbərdarlıq edib. Polis bəzi rusların keçmiş KQB qərargahının yaxınlığında sovet repressiyasının qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə qızılgül və qərənfil qoymalarını izləyib.
Rusiyada toplaşmaq azadlığı ilə bağlı məlumatlar paylaşan OVD-Info hüquq qrupu bildirib ki, Navalnın xatirəsinə keçirilən mitinqlərdə 100-dən çox insan saxlanılıb. Reuters bu xəbəri dərhal təsdiqləyə bilməyib.
Bundan əlavə Roma, Amsterdam, Barselona, Sofiya, Cenevrə və Haaqa daxil olmaqla bir neçə şəhərdə insanlar bir araya gəlib.
100-dən çox etirazçı Rusiyanın Londondakı səfirliyinin qarşında toplaşaraq, Putini müharibə cinayətkarı adlandıran plakatlar nümayiş etdirib. Lissabonda isə yüzlərlə insan sakit aksiya keçirib. Portuqaliyada yaşayan 28 yaşlı rus Pavel Elizarov deyib ki, Navalnı “azadlıq və ümid simvolu” idi.
Parisdə Rusiya səfirliyinin qarşısında da 100-dən çox etirazçı toplaşıb. Onlardan biri, Nataliya Morozov deyib ki, Navalnı onun üçün də ümid simvolu idi.
“Hisslərimi ifadə etmək mənim üçün çətindir, çünki mən çox sarsılmışam,” Morozov deyib. “İndi bizim artıq gələcəkdə gözəl Rusiyaya dair ümidimiz yoxdur,” o deyib.
Navalnının ölümü, təsdiqləndiyi halda, Putinə qarşı çıxan qrupları baş fiqursuz buraxır.
Navalnın həyat yoldaşı Yulia cümə günü Mühendə çıxış edib. Orada o, Münhen Təhlükəsizlik Konfrasında deyib ki, ərinin öldüyündən əmin ola bilmir çünki “Putin və onun hökuməti ... durmadan yalan danışır,” ancaq o deyib ki, onun ölümü təsdiqlənsə, o “onların məsuliyyət daşıyacaqlarını” bilmələrini istəyir.
Atlantik okeanın digər tərəfində isə Nyu Yorkda Rusiya konsulluğunun onündə Violetta Soboleva deyib ki, o, 2017-ci ildə Navalnının prezidentlik kampaniyasında könüllü olaraq iştirak edib.
“Mən onun həqiqətən də Rusiyanı daha yaxşı gələcəyə doğru apara biləcəyinə inanırdım, ” Nyu Yorkda doktorantura təhsili alan Soboleva deyib. “İndi biz bu gələcəyi həmişəlik itirdik,” o əlavə edib.