Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya-İran hökumətlərarası komissiyasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib ki, Rusiya və İran yaxın vaxtlarda Avarasiya İqtisadi Birliyi ilə azad ticarət zonası haqqında saziş imzalamaq barədə razılığa gəliblər.
Onun sözlərinə görə, artıq Rusiya və İran şirkətləri arasında maşınqayırma, avtomobil və təyyarə istehsalı sahəsində birgə layihələr üzrə müqavilələr var. "Artıq müştərək layihələr, Rusiya və İran şirkətləri arasında zəruri birgə müəssisələrin təşkili və müvafiq komponentlərin tədarükü ilə bağlı razılaşmalar var" – deyə, TASS agentliyi ona istinadən xəbır verib.
Novakın sözlərinə görə, ölkələr arasında ticarət 2022-ci ilin səkkiz ayı ərzində 36,4% artaraq 3,3 milyard dollara çatıb və 4 milyard dollara yaxınlaşır.
Rusiya ilə İran arasında əməkdaşlıq Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra intensivləşib. Bu müharibədə Ukrayna və Qərb dövlətlərinin bəyan etdiyi kimi, Rusiya oktyabrın 10-11-də Ukrayna şəhərlərinə kütləvi hücumlar zamanı cəlb edilmiş İran istehsalı olan “Şahed-136” kamikadze dronlarından istifadə edir. İran və Rusiya dronların tədarükü ilə bağlı məlumatları dəfələrlə rədd ediblər. Oktyabrın 20-də Aİ və Böyük Britaniya kamikadze pilotsuz uçan aparat istehsalçısı Shahed Aviation Industries və üç İran hərbi rəsmisinə qarşı sanksiyalar tətbiq edib.
Vaşinqton Post qəzetinin yazdığına görə, İran həmçinin gizli şəkildə “Fateh-110” və “Zülfağa” qısa mənzilli “yer-yer” tipli ballistik raketlərin də Rusiyaya ötürülməsinə razılıq verib.
Foreign Policy dərgisinin bildirdiyinə görə, Rusiya ötən il Taliban hakimiyyəti ələ keçirdikdən sonra ölkədə qalan Əfqanıstan Milli Ordusunun elit komando korpusunun üzvlərini Ukraynaya qarşı müharibədə döyüşmək üçün cəlb edir. Keçmiş komando kapitanının sözlərinə əsasən, onların cəlb edilməsinə İran kömək edir. Onun verdiyi məlumata görə, yeni çağırışçılar Əfqanıstandan İrana, oradan isə Rusiyaya aparılıb.