Rusiya məhkəməsi bazar ertəsi keçirilən qapalı məhkəmədə Ukraynada muzdlu kimi döyüşmək iddiası ilə 72 yaşlı amerikalıya təxminən 7 ilə yaxın həbs cəzası verib.
Prokurorların bildirdiyinə görə, Stiven Habbard 2022-ci ilin fevralında Rusiya Ukraynaya qoşun yeritdikdən sonra Ukrayna ordusu ilə müqavilə imzalayıb və iki ay sonra əsir düşənə qədər onlarla birlikdə döyüşüb.
O, ümumi rejimli cəzaçəkmə müəssisəsində 6 il 10 ay müddətinə həbsə məhkum edilib. Prokurorlar onun 7 il müddətinə ciddi rejimli həbsxanada cəza çəkməsini tələb etmişdi.
Miçiqan ştatından olan Habbard Ukrayna münaqişəsində muzdlu kimi döyüşmək ittihamı ilə məhkum edilmiş ilk amerikalıdır.
Rusiya mediası ittihamların 15 il müddətinə potensial cəza nəzərdə tutduğunu, lakin prokurorların onun təqsirini etiraf etməklə yanaşı, yaşının da nəzərə alınmasını istədiyini bildirib.
Son illər Rusiyada amerikalıların həbsi getdikcə daha çox yer alıb. Rusiyanın ABŞ vətəndaşlarını sonradan ABŞ və Avropada cinayət törətməkdə təqsirli bilinən rusiyalıların qaytarılması ilə bağlı danışıqlarda sövdələşmə vasitəsi kimi istifadə etmək üçün hədəf allması ilə bağlı narahatlıqlar mövcuddur.
Bazar ertəsi həmçinin Voronej şəhər məhkəməsi amerikalı Robert Gilmanı başqa bir hücuma görə cəza çəkərkən hüquq-mühafizə orqanları əməkdaşlarına hücum etmək iddiası ilə 7 il 1 ay müddətinə azadlıqdan məhrum edib.
Rusiya xəbərlərinə görə, Gilman 2022-ci ildə sərnişin qatarında sərxoş halda iğtişaş törətdiyi və daha sonra nəzarət altında olarkən polis əməkdaşına hücum etdiyinə görə həbs edilib. O, bu ittihamla 3 il yarım həbs cəzası çəkir.
Dövlət xəbər agentliyi RİA-Novosti-nin bildirdiyinə görə, keçən il o, kameraya baxış zamanı həbsxana müfəttişinə hücum edib, daha sonra isə İstintaq Komitəsinin əməkdaşını vurduğuna görə ona qarşı yeni hökm çıxarılıb.