Rusiya və Gürcüstan Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsində razılığa gəlib

  • Amerikanın səsi

Rusiya və Gürcüstan Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsində razılığa gəlib

18 il davam edən müzakirələrdən sonra Rusiya Ümumdünya Ticarət Təşkilatına qoşulmaq üçün son maneəni aradan qaldıraraq, bu gün Cenevrədə Gürcüstanla müqaviləyə imza atıb.

İsveçrənin vasitəçilik etdiyi razılaşmada Abxaziya və Cənubi Osetiya da daxil olmaqla, Rusiya və Gürcüstan arasında ticarətin müstəqil monitorinqi nəzərdə tutulur. Razılığın əldə edilməsi qarşısında əsas problem Gürcüstanın Rusiyanın bu iki ayrılmış regionda ticarətə dair məlumatların əldə edilməsinə imkan yaratması tələbi ilə bağlı idi. Rusiyanın dəstəklədiyi Abxaziya və Cənubi Osetiya 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Tbilisidən müstəqilliyini elan etmişdir.

Gürcüstan Rusiyanın 153 üzvü olan Ümumdünya Ticarət Təşkilatına üzvlüyü qarşısında yeganə maneə idi. Təşkilatın qanunlarına əsasən, üzv ölkələrdən hər biri yeni ölkənin üzvlüyünə veto qoya bilər. Birləşmiş Ştatlar və Avropa İttifaqı Rusiyanın təşkilata üzv olmasına imkan vermək üçün Gürcüstana təzyiq göstərib. Rusiyanın bu ilin sonuna qədər Ümumdünya Ticarət Təşkilatının üzvü olacağı gözlənilir.