Qərb "Vaqner" qiyamının Putinin zəifliyini ortaya qoyduğunu deyir

Your browser doesn’t support HTML5

Qərb Vaqner qiyamının Putinin zəifliyini ortaya qoyduğunu deyir

Qərb liderləri deyirlər ki, keçən həftə sonu Rusiyanın muzdlu qruplaşması "Vaqner"in uğursuz qiyamı ölkə prezidenti Vladimir Putinin zəifliyini ortaya çıxarıb. Bununla yanaşı Çin Putinə dəstək verib.

Muzdlu "Vaqner" dəstəsinin lideri Yevgeni Priqojin üsyandan sonra Belarusa qaçıb. Belarus və Polşa 400 kilometr sərhədi bölüşür. Rusiyadakı xaos Varşavada narahatlıqla qarşılanır. Polşanın baş naziri Mateuş Moravitski: "Biz bilmirik və dünyada heç kim bilmir ki, hadisələrin arxasında duran əsl səbəb nədən ibarətdir."

Avropa İttifaqının xarici siyasət üzrə komissarı Cosep Borrell deyib ki, qiyam Rusiya prezidenti Vladimir Putinin rəhbərliyinin zəifliyini üzə çıxardı. "Putinin "Vaqner"lə yaratdığı canavar indi onu dişləyir. Bu canavar öz yaradıcısına qarşı çıxır. Siyasi sistem kövrəklik nümayiş etdirir, hərbi güc isə çat verir".

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli qeyd edib ki, Priqojin Putinin Ukraynaya müdaxiləsinə haqq qazandırmasını şübhə altına alıb. "Rusiya hökumətinin yalanları prezident Putinin özünün əlaltılarından bir tərəfindən ifşa edildi".

NATO-nun baş katibi Yens Stoltenberq də bu fikri təkrarlayıb. "Bu, Krımın qanunsuz ilhaqı və Ukraynaya qarşı müharibəyə başlayan prezident Putinin böyük strateji səhvinin növbəti nümayişidir."

Ukrayna Rusiyadakı qarışıqlıqdan istifadə edə bilərmi? ABŞ-ın Avropadakı Komandanlığının keçmiş komandanı general Filip Bridlav: "Əlbəttə, bu, imkanlar üçün bəzi qapılar açmağa başlayır, lakin biz tələsmirik. Biz onları Ukraynanın artıq hazırladığı plana uyğun olaraq qəbul edirik".

Bu arada, Moskvanın müttəfiqi olan Çin qiyam cəhdini "Rusiyanın daxili işi" kimi qiymətləndirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin: "Çin Rusiyanı milli sabitliyin qorunmasında, inkişaf və rifaha nail olmasında dəstəkləyir".

Bazar ertəsi Avropa İttifaqına üzv ölkələr Ukraynaya hərbi yardımı maliyyələşdirmək üçün istifadə edilən xüsusi fondu 3,8 milyard dollar artırmaq haqda razılığına gələrək, maliyyə fondu üçün həddi 13 milyard dollardan yüksək səviyyəyə çatdırıblar.

Aİ liderləri Ukraynaya gələcək dəstəyi müzakirə etmək üçün bu həftənin sonunda görüşməlidir.