Muzdlulardan ibarət "Vaqner" qruplaşması ilə əlaqəli Telegram kanalları muzdluların işə qəbulunun bir ay müddətinə dayandırılması ilə bağlı məlumatlar dərc edib. Məlumatlarda deyilib ki, dayandırılmaya səbəb Ukrayna ilə müharibədə "müvəqqəti iştirak etməməsi" və şirkətin Belarusa köçməsi olub.
"Vaqner"in təsisçisi Yevgeni Priqojin mart ayında muzdluların işə götürülməsi üçün Rusiyanın 42 şəhərində mərkəzin açıldığını elan etmişdi. İyunun 23 və 24-də üsyandan və vaqnerçilərin Moskvaya yürüşündən sonra xüsusi hərbi şirkətdə döyüşçülər üçün işə qəbul məntəqələri bağlanmağa və Rusiya şəhərlərinin küçələrindən "Vaqner"ə qəbul üçün reklam lövhələri sökməyə başladı.
İyunun 24-ü axşam Kreml Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Priqojinlə onun muzdlularının düşərgələrə qayıdacaqları ilə bağlı razılıq əldə edildi. Bunun müqabilində onlar mühakimə olunmayacaq, onlara qarşı cinayət işi bağlanacaq və Priqojinin özü də Belarusa "gedəcək".
Qeyri-rəsmi məlumatlara görə, artıq Ukrayna ilə sərhəddən təxminən 200 kilometr aralıda yerləşən Mogilyov vilayətində muzdlular üçün düşərgə inşa edilir. Onların orada nə edəcəkləri məlum deyil.
BBC xəbər agentliyinin iyunun 30-da bildirdiyinə görə, "Vaqner" müharibəyə göndərilmək üçün insanları işə götürməyə davam edir. Jurnalistlər Rusiyanın müxtəlif şəhərlərində özəl hərbi şirkətin qaynar xəttlərinə zəng edib. Muzdluların qəbulu məntəqələrindən onlara "heç nə dəyişməyib" deyilib.