Anasını döyüb öldürmüş "Vaqner"çi Rusiyada şərəflə dəfn edildi

"Vaqner" qrupunun döyüşçüsü, 46 yaşlı məhkum Sergey Molotsov Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhərində təntənəli şəkildə dəfn edilib. Molotsov 2017-ci ildə sərxoş halda yaşlı anasını döyərək öldürməkdə təqsirli bilinərək həbs edilmişdi.

Yanvarın 4-də Serov şəhər dairəsinin administrasiyası Molotsovun öldüyünü elan edib. Rəsmilərin dediyinə görə, o, Ukraynaya qarşı müharibədə məhkumları sıralarına cəlb edən "Vaqner" qrupunun tərkibində döyüşüb.

Onun dəfn mərasimi yanvarın 5-də "Əlvida" zalında keçirilib. Yerli Qlobus qəzetinin yazdığına görə, onun dövlət bayrağına bükülmüş tabutunun yanında fəxri qarovul dəstəsi dayanıb.

Dəfn mərasimində "Əfqanıstan Veteranları" şəhər birliyinin sədri Andrey Petruçenko, şəhər administrasiyasının nümayəndələri, Serov şəhər dairəsi rəhbərinin müavini Mixail Kınkuroqov iştirak edib.

"O, fədakarlıq göstərərək, qəhrəman oldu. O, ən qiymətli olan həyatını verdi" - deyə, Qlobus qəzeti dəfn mərasimini aparan şəxsdən sitat gətirib.

Molotsov "Vaqner" qrupuna həbsxanada cəlb edilib. Bu məlumatı "E1.RU" nəşrinə Serov şəhər dairəsinin rəhbəri Vasiliy Sizikov təsdiqləyib və Molotsovun "ağır cinayətə - qətlə görə cəza çəkdiyini" deyib.

2017-ci ilin mart ayında o, qəsdən adam öldürmə maddəsi ilə 11,5 il müddətinə, xüsusi rejimli koloniyada həbs cəzasına məhkum edilib. Cinayət işindəki materiallara görə, Sergey yaşlı anasına baxmaq üçün sevgilisi ilə birlikdə onun yanında yaşayıb. Sərxoş vəziyyətində olan Molotsov əlləri və ayaqları ilə anasının başına və gövdəsinə azı altı zərbə endirib. Məlumata görə, Sergey Molotsov anasının çənəsini, çiynini, üzünü və başını sındırıb. Ağır zərbələr alan xəstə təqaüdçü ana nəticədə vəfat edib.