Rusiya bir ilə yaxın həbsdə olan amerikalı qadını deportasiya edib

Sara Krivanek

Vaşinqton və Moskva arasında son illərdəki ən yüksək səviyyəli məhbus mübadiləsindən bir gün sonra Rusiya rəsmiləri rusiyalı partnyoruna hücum etmək ittihamı ilə təxminən bir il həbsdə qalan ABŞ vətəndaşı Sara Krivaneki deportasiya edib.

Xarici işlər nazirinin müavini Sergey Ryabkov dekabrın 9-da jurnalistlərə bildirib ki, Krivanekin getməsindən xəbərdar olsa da, onun deportasiyası ilə bağlı heç bir təfərrüat yoxdur.

Krivanekin bir gün əvvəl məşhur rus silah taciri Viktor But ilə dəyişdirilən amerikalı basketbol ulduzu Britni Qraynerlə birlikdə Rusiyanı tərk edib-etməməsi ilə bağlı jurnalistin sualına cavab verməkdən imtina edən Ryabkov, “Fiziki olaraq [deportasiyanın necə aparıldığını] bilmirəm, amma belə başa düşürəm ki, onun deportasiyasının həyata keçirildiyi faktdır” deyib.

Moskvadan təqribən 200 kilometr cənub-şərqdə yerləşən Ryazan şəhərində məhkəmə noyabrda Krivanekin deportasiya edilməsi barədə qərar çıxarmışdı.

Kaliforniyanın Fresno şəhərindən olan Krivanek keçən il partnyoru olan rus kişini bıçaqla vurduğuna görə 15 ay həbs cəzasına məhkum edilmişdi. Amerikalı təkid edir ki, o, məişət zorakılığı vəziyyətində özünü müdafiə edib. Kişi yüngül xəsarətlər alıb.

Krivanek həbsxanada qalmasının ağır olduğundan, bəzən onu məhbusların zorakılığına və həbsxana nəzarətçilərinin pis rəftarına görə həyatı üçün qorxduğundan şikayət etmişdi.

Rusiya son illərdə bir neçə ABŞ vətəndaşını həbs cəzasına məhkum edib.

Dekabrın 9-da ABŞ-a qayıdan Qrayner Rusiyada təxminən 10 aya yaxın həbsdə qalmışdı.

Oktyabr ayında Rusiyanın qərbində yerləşən Voronej şəhərinin məhkəməsi keçmiş ABŞ dəniz piyadası Robert Qilmanı sərxoş halda polisə hücum etdiyinə görə 4 il yarım müddətinə azadlıqdan məhrum edib.

Digər keçmiş ABŞ dəniz piyadası Pol Uilan casusluq ittihamı ilə 16 il həbs cəzası çəkir, lakin o, bu ittihamı rədd edir.

Aprel ayında Rusiya və ABŞ Trevor Ridi narkotik qaçaqmalçılığına görə məhkum edilmiş rus pilotla dəyişdirdilər. Keçmiş ABŞ dəniz piyadası olan Rid sərxoş halda polis məmurlarına hücum etdiyinə görə 9 il həbs cəzasına məhkum edilmişdi.