Ukrayna lideri Volodimir Zelenskinin Rusiya qüvvələrinin məğlub edilməsi üçün daha çox yardıma ehtiyacı olduğu barədə müraciətindən sonra Birləşmiş Ştatların tezliklə Ukraynaya 750 milyon dollara qədər əlavə təhlükəsizlik yardımı elan edəcəyi gözlənilir.
Konqresin yüksək səviyyəli rəsmisi yardımçısının Reuters xəbər agentliyinə bildirdiyinə görə, son paketin hələ müzakirələri davam etsə də, çox güman ki, bu paketə hauitsalar da daxil olmaqla, ağır artilleriya yer sistemləri də əlavə ediləcək.
ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bundan əvvəl 300 milyon dollarlıq təhlükəsizlik yardımı paketinin bir hissəsi olaraq, vəd edilmiş 100 ədəd tankları məhv edən dronların böyük hissəsinin də Ukraynaya verildiyini bildirib.
Dronların qalan hissəsinin və əlavə olaraq tank əleyhinə Javelin raketlərinin də yaxın bir həftə ərzində Ukraynaya çatdırılması gözlənilir.
Ağ Evin bəyanatında ABŞ Prezidenti Co Bayden və Britaniyanın Baş naziri Boris Consonun çərşənbə axşamı "Rusiyanın davam edən vəhşiliyi qarşısında Ukraynaya təhlükəsizlik və humanitar yardım öhdəliyini davam etdirəcəklərini bir daha vurğulayıb" deyilir.
Bayden Rusiyaya qarşı ritorikasını da gücləndirərək, Prezident Vladimir Putini Ukraynada “soyqırım” təşkil etməkdə ittiham edib.
Bayden benzin qiymətlərinin aşağı salınmasına dair yardım proqramını təşviqi üçün ABŞ-ın Ayova ştatına səfəri zamanı deyib: "Ailə büdcəniz, tankınızı doldurmaq qabiliyyətiniz, bunların heç biri diktatorun müharibə elan edib-etməməsindən və dünyanın digər yarısında soyqırım törətməsindən asılı olmamalıdır".
Daha sonra ABŞ Prezidenti jurnalistlərlə görüşü zamanı Rusiyanın hərəkətlərini soyqırım kimi qiymətləndirmək qərarını müdafiə edib.
“Mən bunu soyqırım adlandırdım, çünki getdikcə daha aydın oldu ki, Putin sadəcə ukraynalı fikrini yox etməyə çalışır və buna dair sübutlar artır”- deyə, Bayden bildirib.