Avropa liderləri Rusiyanın Kyivi atəşə tutduğu vaxt Ukrayna paytaxtına səfər edir 

Avropanın üç ölkəsinin lideri Rusiyanın qonşu ölkəni işğal etməsindən təxminən üç həftə sonra Rusiya qoşunlarının Ukrayna paytaxtı və ölkənin digər şəhərlərini atəşə tutduğu vaxt çərşənbə axşamı Kyivə yola düşüb.

Kyivin Rusiya qüvvələri tərəfindən çərşənbə axşamı səhər saatlarında atəşə tutması, o cümlədən yaşayış binasının vurulması nəticəsində azı iki nəfər həlak olub. Şəhər meri Vitali Kliçko çərşənbə axşamı gecədən şəhərdə 36 saatlıq komendant saatı elan edib.

Çexiyanın baş naziri Petr Fiala Polşanın baş naziri Mateuş Moravietski və Sloveniyanın baş naziri Yanez Yansa ilə birlikdə Ukrayna prezidenti Volodimir Zelenski və baş nazir Denis Şmihal ilə görüşdə Avropa Şurasını təmsil etmək üçün Kyivə səfər etdiyini bildirib.

“Səfərin məqsədi bütün Avropa İttifaqının Ukraynanın suverenliyi və müstəqilliyinə birmənalı dəstəyini təsdiqləməkdir. Bu səfərin məqsədi həm də Ukrayna və ukraynalılara geniş dəstək paketini təqdim etməkdir” – deyə, Fiala bildirib.

"Dünya üçün belə kritik vaxtlarda tarixin yazıldığı yerdə olmaq bizim borcumuzdur. Çünki söhbət bizdən deyil, zülmdən azad bir dünyada yaşamağa layiq olan uşaqlarımızın gələcəyindən gedir" – deyə, Moravietski Facebook səhifəsində yazıb.

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların yeni mərhələsini elan edib. Buraya bəzi dövlət şirkətləri ilə əməliyyatlara və ya Rusiyanın enerji sektoruna yeni investisiyalara qadağalar, həmçinin dəmir, polad və dəbdəbəli mallara daha sərt ticarət məhdudiyyətləri daxildir.