Qərb ağır silah və qabaqcıl raket sistemlərinin tədarükünü artırdığı bir vaxtda, Ukrayna 2023-cü ildə işğalçı rus qüvvələrinin xəttlərini keçməyə çalışdı. Ancaq Henri Ridcvelin xəbərinə görə, heç bir tərəf əhəmiyyəlti irəliləyiş əldə edə bilməyib, Kyiv və Moskvanın isə sülh razılığı üzərində danışıq aparmağa hazır olduqlarına dair işarə yoxdur.
İşğalçı Rusiya qüvvələri bir neçə ay davam edən amansız döyüşlərdən sonra 2023-cü ilin yanvarında Ukraynanın duz mədəninin olduğu Soledar şəhərini ələ keçirdi. Ukrayna şəhərlərinə rus raketləri düşməyə davam etdi.
Ukrayna qüvvələrinin döyüş meydanında irəliləyiş əldə etmək üçün mübarizə apardığı bir vaxtda, Qərb müttəfiqləri Kyivə ağır silahlar, o cümlədən tanklar və daha uzun mənzilli raket sistemləri göndərəcəklərini açıqlayıblar.
Fevralda müharibənin birinci ildönümündən öncə, ABŞ Prezidenti Co Bayden Kyivə öncədən elan olunmayan səfər etdi. O dedi ki, Rusiya prezidenti Qərbin Ukraynaya sadiqliyi ilə bağlı yanılıb.
“O, bizdən üstün ola biləcəyini düşünürdü. Onun indi də belə düşündüyünü düşünmürəm,” Bayden bildirdi.
Dəllillər onu göstərir ki, Rusiya Ukraynanın istənilən əks-hücumunun qarşısını almaq üçün may ayında Ukraynanın Nova Kaxovka bəndini dağıdıb və nəticədə Ukraynanın cənub-şərqindəki geniş əraziləri su basıb və ekoloji fəlakət yaranıb. Rusiya isə bəndin dağılmasında görə Ukraynanı günahlandırıb.
İyun ayında Ukrayna artiq bəzi ərazilərini geri almağa nail olsa da, Rusiya xəttlərində böyük irəliləyiş əldə etməkdə müvəffəq olmadı. Təhlilçi İan Bond deyir ki, Qərbin silah təchizatı çox az idi və onlar çox gec göndərilmişdi.
“Rusların mina sahələrini və sabit istehkamlarını qurmaq üçün çox vaxtı var idi, ona görə də onlar əslində əvvəl olduqlarından daha güclü mövqedədirlər. Və biz ukraynalılardan hava imkanları çox az olduğu zaman əks-hücum əməliyyatlarına başlamalarını istəyirdik,” o deyir.
Rusiyanın özəl Vaqner ordusunun muzdluları iyun ayında üsyan təşkil etdi. Putin danışıq yolu ilə üsyanı yatırdı. Vaqnerin başçısı Yevgeni Priqojin bir neçə həftə sonra təyyarə qəzasında həlak oldu.
Noyabrda Ukraynanın baş komandanı müharibədə çıxılmaz vəziyyətin yarandığını söylədi, ancaq Ukrayna Prezident Volodimir Zelenski onun qiymətləndirməsi ilə razılaşmadı.
Zelenski diplomatik irəliləyiş əldə etdi. Belə ki, Avropa İttifaqı dekabrda üzvlüklə bağlı rəsmi danışıqları başlatmağa razılaşdı.
“Danışıq prosesi asan olmayacaq, amma əsas məsələ odur ki, tarixən, biz bir qərar vermişik: Ukrayna hər zaman bizim ortaq Avropa evimizin bir hissəsi olacaq,” Zelenski dedi.
Ancaq analitik Olqa Tokaryuk deyir ki, Avropanın gələcəyi balansda qalır.
“Ukrayna məğlub olsa, Ukrayna hərbi baxımdan uğursuzluğa düçar olsa, Aİ-yə üzvlüklə bağlı bütün danışıqlar prosesi dəyərini itirəcək. Amma bu təkcə Ukraynanın məğlubiyyəti olmayacaq. Bu, Avropa İttifaqının və lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə sadiq Qərbin məğlubiyyəti olacaq,” Chatham House-dan Olqa Tokaryuk deyir.
Ukrayna qüvvələri cəbhə xəttində uzun, çətin qışla üzləşirlər.
Nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqında zəruri hərbi yardım paketləri təsdiqlənmədiyi bir vaxtda, təhlilçilər deyir ki, Ukraynanın növbəti illə bağlı ən böyük narahatlığı, ABŞ-da 2024-cü ildə prezident seçkiləri yaxınlaşdığı vaxtda Qərbin yorulmasıdır.