Rusiya qüvvələri Donbas bölgəsində planlaşdırılan böyük bir hücumdan əvvəl Ukraynanın şərqinə doğru irəliləməkdə davam edir. Mariupolda isə vəziyyət ağır olaraq qalmaqdadır. Minlərlə mülki vətəndaşın öldüyü bildirilir. Rusiya qüvvələrinin liman şəhərinə tam nəzarəti ələ keçirməyə doğru irəlilədiyi xəbər verilir.
Ukraynalı komandirlər və Qərb rəsmiləri bildirib ki, Rusiya öz qüvvələrini Kyivin şimalındakı ərazilərdən və Belarusdan Xarkiv, Donetsk və Luqansk vilayətlərinə köçürür.
Rəsmilər Rusiyanın Ukrayna hökumət qüvvələrinin hələ də nəzarətində olan Donetsk və Luqansk vilayətlərinin Ukrayna tərəfində qalan ərazilərini ələ keçirmək məqsədi ilə yeni hücuma keçəcəyini gözləyir.
Fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsi zamanı başlayan münaqişə nəticəsində ölənlərin sayı hələ də qeyri-müəyyən olaraq qalır.
Ukrayna qüvvələri aprelin 12-də bildiriblər ki, bu günə qədər 19500 rus əsgəri öldürülüb. Martın sonunda Rusiya Müdafiə Nazirliyinin ən son rəsmi məlumatında ölən əsgərlərin sayı təxminən 1370 nəfər göstərilib.
Azov dənizindəki əsas liman şəhəri Mariupol həftələrdir Rusiya qüvvələri tərəfindən intensiv mühasirədə saxlanılır. Gələn görüntülərdə şəhərin darma-dağın olduğu görünür. Rusiya qüvvələri Ukrayna dəniz piyadaları və Azov batalyonu ilə küçə döyüşləri aparır.
Aprelin 11-də Zelenskinin baş müşaviri Mixaylo Podolyak Twitter səhifəsində Ukrayna qüvvələrinin Mariupolda “mühasirəyə alındığını və bloklandığını” yazıb.
Aprelin 11-də Cənubi Koreya parlamentində danışan Zelenski deyib ki, Rusiya “Mariupolu tamamilə məhv edib və onu yandırıb külə çevirib”.
Mariupolun meri Vadim Boyçenko Associated Press agentliyinə bildirib ki, şəhərdə 10 mindən çox dinc sakin öldürülüb, cəsədlər isə “küçələri xalça kimi örtüb”.
Ukrayna və Qərb rəsmiləri, həmçinin Mariupolda Azov qoşunlarına və Ukrayna dəniz piyadalarına qarşı kimyəvi silahdan istifadə oluna biləcəyi ilə bağlı xəbərləri araşdırdıqlarını bildiriblər.
Britaniya rəsmiləri sərt xəbərdarlıq edib ki, Rusiya qüvvələrinin kimyəvi silahdan istifadəsinin təsdiqlənməsi qeyri-müəyyən cavabla qarşılanacaq.