Rusiya Müdafiə Nazirliyi: "Yüksək dəqiqlikli zərbələr Ukraynanın hərbi komandanlığı və idarəetmə sisteminə endirilib"

Rusiya Federasiyasının Müdafiə Nazirliyi noyabrın 15-də Ukraynanın kütləvi şəkildə atəşə tutulduğunu təsdiqləyib. Bu barədə idarənin nümayəndəsi İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, zərbələr "Ukraynanın hərbi komandanlığı və idarəetmə sisteminə" endirilib. Konaşenkov bütün raketlərin nəzərdə tutulan hədəfləri vurduğunu iddia edib.

"Yüksək dəqiqlikli zərbələr yalnız Ukrayna ərazisindəki və Ukrayna-Polşa sərhədindən 35 km-dən çox olmayan məsafədə olan hədəflərə endirilib" - deyə, o bildirib.

Müdafiə Nazirliyinin nümayəndəsi noyabrın 15-də Rusiya hərbçilərinin Kyivə raket zərbələri endirildiyini təkzib edib. Nazirlik hesab edir ki, yaşayış binalarının dağıdılması "Ukrayna ordusunun atdığı zenit raketlərinin düşməsi və özünü məhv etməsinin nəticəsidir".

Bundan əlavə Konaşenkov bildirib ki, rusiyalı mütəxəssislər Polşada vurulan raketin fotolarını araşdırıb və bunun Ukrayna ordusunun S-300 tipli raket olduğunu müəyyən edib.

Konaşenkov brifinq zamanı "Rusiya hərbi sənaye kompleksinin mütəxəssisləri birmənalı olaraq noyabrın 15-də axşam saatlarında Polşanın Pşevoduv qəsəbəsinə düşən raket qalıqlarının fotoşəkillərinin Ukrayna Hərbi Hava Qüvvələrinin S-300 zenit-raket kompleksinin elementləri olduğunu müəyyən edib" deyib.

Noyabrın 15-i axşam saatlarında enerji infrastrukturu obyektləri də daxil olmaqla, Rusiya Ukrayna şəhərlərinə kütləvi raket hücumları həyata keçirib. Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnatın dediyinə görə, Rusiya hərbçiləri yüzə yaxın raket atıb. Ukrayna Prezidenti Volodimir Zelenski 85-dən çox raketin atıldığını bildirib.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko yazıb ki, vurulan Rusiya raketinin parçaları Kyivdəki yaşayış binalarından birinə düşüb. Paytaxtın meri Vitali Kliçko Kyivə kütləvi raket hücumu barədə məlumat verib. Onun sözlərinə görə, əsas zərbə Peçersk rayonuna dəyib.