Rusiya Kyivi hədəf alıb

Cümə günü, Rusiyanın qonşu Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin ikinci günü səhər saatlarında Ukraynanın paytaxtında partlayış səsləri eşidilib.

“The New York Times“ qəzeti Kyivdəki partlayışların dağıntılarının əks olunduğunu təsdiqləyən videonun olduğunu xəbər verib. “The Times” həmçinin bildirib ki, videoda “partlayışdan əvvəl Kyiv yaxınlığına azı iki yer-hava tipli raketin atıldığını görmək olub”.

Bir çox xarici səfirliklərin müvəqqəti köçürüldüyü Ukraynanın qərbindəki, Polşa sərhədinə yaxın Lvoiv şəhərində də siren səsləri eşidilib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin cümə axşamı gecə saatlarında Belarusdan daxil olan Rusiya qoşunlarının Kyivin 32 kilometrliyinə qədər irəlilədiyini bildirib.

Rusiya qoşunları çərşənbə axşamı Ukraynanın şimalında Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti ələ keçirib. “Bu, bütün Avropaya qarşı müharibə elanıdır” - deyə, Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Çernobıl dünyanın ən dəhşətli partlayış baş verdiyi atom elektrik stansiyasıdır ki, 1986-cı il fəlakətindən bəri onun ətrafı yaşayış üçün yararsız olaraq qalıb.

Müharibə əleyhinə etirazçılar cümə axşamı Moskva və Sankt-Peterburq da daxil olmaqla, Rusiyanın hər yerində nümayişlər keçirib. Rəsmilər azı 1700 nəfərin həbs edildiyini bildirib.

ABŞ Prezident Co Bayden hərbi müdaxilədən bir neçə saat sonra Rusiyaya növbəti sanksiya raunduna başladığını bəyan edib.

Ağ Evdə G-7 dövlətləri və NATO liderləri ilə virtual görüşdən sonra Bayden “[Rusiya prezidenti Valdimir] Putin təcavüzkardır” deyib. “Putin bu müharibəni seçdi və indi bunun nəticələri ilə o və ölkəsi üzləşəcək” deyə, bildirib.

ABŞ-ın yeni sanksiyaları Rusiya banklarını, oliqarxlarını və yüksək texnologiya sektorlarını hədəf alır, eləcə də ixrac nəzarətini əhatə edir. Bayden bildirib ki, bu tədbirlər “Rusiyan iqtisadiyyatının strateji sektorları üçün maliyyə və texnologiyaya çıxışını sıxışdıracaq və sənaye potensialını illərlə iflasa uğradacaq”.

Britaniya və Avropa Birliyi də daxil olmaqla, NATO müttəfiqləri də cümə axşamı Rusiyaya qarşı əlavə sanksiya tətbiq edib.

Sanksiyaların təsiri qlobal bazarlarda, demək olar ki, dərhal hiss olunub. Oradakı səhmlər ucuzlaşıb, əmtəə qiymətləri yüksəlib. Bayden amerikalıların daha yüksək benzin qiymətlərini görəcəklərini etiraf edib.

Ukrayna Prezidenti Zelenski cümə günü deyib ki, sanksiyaların Rusiyanın Ukraynaya hücum qərarını dəyişmədiyi açıq-aşkardır.