Rusiyanın hava hücumları cümə axşamı Ukraynanın paytaxtı Kyivi hədəf alıb. Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın hücumda istifadə etdiyi 31 raketin hamısını vurduğunu bildirib.
Kyiv meri Vitali Kliçko Telegram kanalında bildirib ki, raket parçaları şəhərin bir çox rayonundakı yaşayış binalarına düşüb və bir neçə yanğına səbəb olub.
Kliçko azı 10 nəfərin yaralandığını bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı sosial şəbəkədə "Bu cür terror hər gün və gecə davam edir" deyib.
Zelenski əsasən də hava hücumundan müdafiə sistemlərinin təmin edilməsi olmaqla, Ukraynanın tərəfdaşlarını dəstəyə çağırıb.
"Rusiya terrorçularının “Patriot” və dünyanın digər aparıcı sistemlərinə qarşı çıxacaq raketləri yoxdur. Bu mühafizə hazırda Ukrayna üçün vacibdir. Kyivdən Xarkivə, Sumıdan Xersona və Odesadan Donetsk bölgəsinə qədər. Tərəfdaşlarımız kifayət qədər siyasi iradə nümayiş etdirsələr, bu, tamamilə mümkündür" - deyə, Zelenski bildirib.
Kyivə hücum Zelenski Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanı danışıqlar üçün qəbul etdikdən bir gün sonra baş verib.
Sallivan ukraynalıları ABŞ-ın Ukraynaya dəstəyini davam etdirdiyinə və Konqresin gecikməsinə baxmayaraq, ölkəyə milyardlarla dollarlıq yardımın çatacağına inandırmağa çalışıb.
Sallivan mətbuat konfransında bunu Plan A adlandıraraq, "Biz Konqresdə güclü ikipartiyalı səs toplayacağıq" deyib.
"O verməli olduğumuz pulu sizə verəcəyik. Ona görə də bu gün B Planı haqqında danışmağa ehtiyac görmürəm," Sallivan bildirib. O, prosesin "çox uzun sürdüyünü" də etiraf edib.
Sallivan Ukrayna prezidentinin aparat rəhbəri Andriy Yermakla görüşüb. Onlar Ukraynanın döyüş meydanında nəyə ehtiyacı olduğunu müzakirə edib və qarşıdan gələn iki sammit - NATO-nun iyulda Vaşinqtonda keçiriləcək sammiti və İsveçrədə hələ təyin olunmayan, lakin bu ilin yazında keçirilə biləcək sülh sammiti haqda danışıb.
Yermak bildirib ki, Rusiyanın müttəfiqi olan Çin sammitlərdə iştirak edə bilər, lakin Ukrayna Rusiyanı dəvət etməyəcək.