Rusiya Mərkəzi Bankının məlumatına görə, Qərbin sanksiyalarından sonra Rusiya rublu son bir həftədə təqribən 30 faiz dəyər itirib
Qərbin Rusiyaya sanksiyalarından sonra Rusiya ilə ticarət edən Azərbaycan tacirləri üçün yeni vəziyyət yaranıb.
Rusiyadan ərzaq buğdası idxalı biznesi qurmuş işadamı Nazim Bəydəmirli deyir ki, indi əsas problemlərdən biri odur ki, nə Rusiya, nə də Azərbaycan tərəfi yeni müqavilələr bağlamaq istəmirlər, çünki rublun oynayan məzənnəsindən narahatdırlar.
“Rublla risklidir axı əməliyyatlar. O zaman qiyməti necə müəyyən edəcəklər? İqtisadi fəallıq azalacaq. Biri var ki, dollarla - sabit valyuta ilə bağlayasınız müqaviləni. O zaman alış-veriş bu valyuta ilə aparılır... Amma indi iki ölkə arasında açıq məsələ qalır. İki ölkə arasında milli valyuta ilə hesablaşma haqqında qərar olmalıdır. Amma o zaman ekvivalent kimi hansı valyuta götürüləcək? Bir vasitə lazımdır- ya dollar, ya avro...”
Nazim Bəydəmirli gözləyir ki, tərəflər malın qiymətini dollar ekvivalentində müqavilədə göstərib, alış-verişi rublla edəcəklər.
Rusiya ilə ən çox alveri olan Azərbaycan
Rəsmi məlumata görə, Rusiya MDB-də Azərbaycanın ən çox ticarət dövriyyəsi olan ölkədir.
Nazim Bəydəmirli deyir ki, rubl ucuzlaşmaqda davam edərsə və Azərbayanda bazar azad olarsa, Rusiyadan gələn mallar ucuzlaşacaq.
Bununla belə, Azərbaycan üçün risklərdən biri də Moskvanın ölkədən çıxarılan mallara kvota tətbiq etməsi ehtimalıdır. Rəsmi məlumata görə, Azərbaycan öz ərzaq buğdasının azı 80 faizini Rusiyadan gətirir və bundan əvvəl Rusiya hökuməti bu məhsulun idxalına vergini artıranda Azərbaycanda da buğda bahalaşıb.
O ki qaldı Azərbaycan ixracatçılarına, Nazim Bəydəmirli deyir ki, Rusiyada alıcılıq qabiliyyətinin düşməsi, inflyasiyanın yüksək olması səbəbindən Azərbaycan mallarına da tələbat aşağı düşə bilər. Azərbaycan Rusiyaya bəzi kənd təsərrüfatı malları, o cümlədən, pomidor və qoz-fındıq ixrac edir.
Pul köçürmələri necə olacaq?
Yeni yaranmış vəziyyətdə başqa bir məqam pul köçürmələri ilə bağlıdır. Belə ki, indiyə qədər tacirlər beynəlxalq ödəmələr sistemi - SWIFT sistemi üzərindən pul köçürmələri edirdilər. Rusiyanın Ukraynaya hücumundan sonra Avropa Birliyi Rusiyanın bir sıra banklarının beynəlxalq ödəniş sistemi olan SWIFT sistemindən ayrılmasına qərar verib.
Əgər SWIFT qadağası Rusiyanın bütün bankları üçün qadağan edilərsə, o zaman Azərbaycan və Rusiya arasında pul köçürmələri necə həyata keçiriləcək?
İqtisadi şərhçi Natiq Cəfərli deyir ki, bu zaman Rusiyanın himayəsində yaradılan və bir neçə keçmiş sovet respublikasının birləşdiyi Avrasiya İttifaqında mövcud olan “Mir” adlı ödəniş sistemindən istifadə oluna bilər.
Mir sistemini Rusiya 2014-cü ildə Ukraynanın Krım regionunu işğal etdikdən sonra yaradıb.
Məqsəd isə beynəlxalq sanksiyaların nəticəsində proqnozlaşdırılan elektron ödəmələrin bloklanmasına qarşı önləyici tədbir görmək olub.
Natiq Cəfərli deyir ki, bu sistemlə Azərbaycan və Rusiya 3-cü ölkə - Qazaxıstan üzərindən – MİR sistemi vasitəsilə pul köçürmələr həyata keçirə bilər, amma bu da əlavə bank xərcləri tələb etdiyindən pul köçürmələri bahalaşdıracaq:
Ukraynaya yeni hücumdan sonra ABŞ və Avropa Birliyinin Rusiyaya sanksiyaları güclənib, bir sıra Qərb şirkətləri Rusiyanı tərk edib, ölkədə bankların qarşısında nağd pul üçün növbələr yaranıb.
Rusiya Mərkəzi Bankının məlumatına görə, Qərbin sanksiyalarından sonra Rusiya rublu son bir həftədə təqribən 30 faiz dəyər itirib, Moskva valyutadəyişmə məntəqələrində rubl daha ucuzdur.