Rusiyanın Müdafiə Nazirliyi Ukraynada 1351 hərbçisinin öldüyünü bildirib

Rusiya Federasiyası Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatlar zamanı 1351 hərbçinin öldüyünü, 3825 əsgərin isə yaralandığını bildirib. Bu məlumatlar Ukrayna hökumətinin verdiyi məlumatlarla müqayisədə xeyli azdır.

Rusiya tərəfin itkiləri barədə məlumatı TASS xəbər agentliyi Rusiya Silahlı Qüvvələri Baş Qərargahlar rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoya istinadən bildirib.

Onun sözlərinə görə, dövlət həlak olanların ailələrinə, eləcə də “uşaqların ali təhsili də daxil olmaqla, boya-başa çatmalarına” yardım edəcək, kreditlərinin ödənilməsi və mənzil problemlərinin həllində dəstək olacaq.

Müharibənin əvvəlindən Rusiya itkilərdən yalnız bir dəfə danışıb. Martın 2-də nazirlik 498-ə yaxın hərbçinin öldüyünü, 1597-nin yaralandığını bildirmişdi.

O vaxtdan bəri Rusiya ordusu arasında itkilərlə bağlı müxtəlif məlumatlar olub. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 16 mindən çox itkidən danışır (onlara həm ölü, həm də yaralılar daxildir).

Bir həftə əvvəl The New York Times yazmışdı ki, Birləşmiş Ştatlar Rusiyanın itkilərini 7000 nəfər olaraq qiymətləndirib. Həmin gün Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfdən 2870 əsgərin öldürüldüyünü, 3700-ə yaxınının yaralandığını, 572 nəfərin əsir götürüldüyünü iddia edib.

Ukrayna Baş Qərargahının məlumatında isə fevralın 24-dən martın 2-si səhərədək Rusiya hərbçilərindən yaralı və həlak olanlarının ümumi sayının təxminən 5840 nəfər olduğu, azı 200 nəfərin əsir götürüldüyü bildirilmişdi.