Putin iki həftə ərzində qismən səfərbərliyin başa çatacağını bəyan edib

TASS xəbər agentliyinin bildirdiyinə görə, Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərliyin iki həftə ərzində başa çatdığını açıqlayıb. Onun sözlərinə görə, indiyədək gözlənilən 300 min nəfərdən 222 mini səfərbər edilib.

Prezident "Rusiya Silahlı Qüvvələrinin bölmələrində artıq 33 min nəfər səfərbər edilib ki, onlardan 16 mini döyüş tapşırıqlarındaa iştirak edən bölmələrdədir" deyib.

Bundan əvvəl payızda Rusiyada səfərbər edilənlərdən azı 6 nəfərin Ukraynadakı müharibədə həlak olduğu məlum olmuşdu. Rusiyadan alınan xəbərlərə görə, həm Ukraynadakı müharibədə, həm də təlim düşərgələrində səfərbər edilən ruslar arasında ölənlər var.

Putin hərbi təcrübəsi olmayan insanların səfərbər edilməsi ilə bağlı söz-söhbətlərdən də danışıb.

"Qeyd etdiyim söz-söhbətlərə gəlincə, bu, onilliklər ərzində yenilənməmiş köhnə qaydalarla əlaqəlidir. Onların keyfiyyəti yalnız bu səfərbərlik tədbirlərini həyata keçirilməyə başlayandan sonra bəlli oldu. Məlumat bazası indi müasir əsasda yenilənir və o, mümkün qədər etibarlı olacaq. Və keyfiyyət də artırılmalıdır" - deyə, prezident vurğulayıb.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov da qismən səfərbərliyin oktyabrın sonuna qədər başa çatacağını bildirib.

"Prezident dedi ki, belə çıxır, [səfərbərlik] ayın sonuna qədər başa çatacaq. Və prezident onu da bildirdi ki, Müdafiə Nazirliyindən əlavə səfərbərlik tədbirləri ilə bağlı heç bir təklif almayıb. Bu isə o deməkdir ki, qismən səfərbərlik başa çatır" Peskov vurğulayıb.

Hüquq müdafiəçiləri Rusiyada elan edilən “qismən” səfərbərliyin (Rusiya prezidenti Vladimir Putinin fərmanında belə deyilir) çoxsaylı pozuntularla həyata keçirildiyini bildirib. Xüsusən də səfərbərlik bildirişləri Müdafiə Nazirliyinin rəsmi tələblərinə uyğun olmayan şəxslərə: xroniki xəstəliyi olanlara, əlillərə, müəyyən yaş həddini keçənlərə göndərilir.