Rusiya prezidenti Vladimir Putin qeyri-qanuni ilhaq edilmiş Ukrayna ərazilərində Rusiya vətəndaşlığından imtina edən sakinlərin deportasiyasına icazə verən fərman imzalayıb və bu, Moskvanın etnik təmizləmə və hərbi cinayətlərdə ittiham olunmasına səbəb olub.
Aprelin 27-də Rusiyanın qanuni immiqrasiya ilə bağlı rəsmi internet portalında dərc olunan fərmanda deyilib ki, Rusiya tərəfindən ilhaq edilmiş ərazilərdə yaşayan ukraynalılar ya Rusiya vətəndaşlığını qəbul etməli, ya da bundan rəsmi olaraq imtina etməlidirlər.
Fərmana əsasən, 2024-cü il iyulun 1-dən etibarən "mövcud vətəndaşlığını saxlamaq istəyən və ya Rusiya vətəndaşlığı andını içərək, Rusiya vətəndaşı olmaq istəməyən” şəxslər xarici vətəndaş sayılacaq".
İlhaq edilmiş ərazilərdə xarici vətəndaş kimi qeydə alınan və ya vətəndaşlığı olmayan və Rusiyanın "milli təhlükəsizliyinə" təhdid edən şəxslər Rusiyadan deportasiya edilə bilər.
Kreml 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma başlamasından bəri ukraynalıları nəzarətində olan bəzi bölgələrə və ya Rusiyaya deportasiya etməkdə ittiham olunur. Uşaqların deportasiya edilməsinə dair sübutlar martın 17-də Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) hərbi cinayətlərdə ittiham olunan Rusiya prezidenti Vladimir Putin və Moskvanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə order verməsinə səbəb olub.
Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar deyib ki, bununla Rusiya "Ukrayna daxilində müvəqqəti işğal olunmuş ərazilərində etnik tərkibin dəyişməsinə təsir göstərməyə çalışır".
"Bu yolla düşmən müvəqqəti olaraq işğal etdiyi Ukrayna ərazilərində Ukrayna dövlətçiliyini və cəmiyyətin milli kimliyini məhv etməyə çalışır" - deyə, Malyar Teleqram kanalında bildirib.
Bu arada, Avropa Şurası Parlament Assambleyası (AŞPA) aprelin 27-də ukraynalı uşaqların deportasiyasını və zorla Rusiya ərazisinə köçürülməsini soyqırım kimi tanıyıb. O, həmçinin Beynəlxalq Cinayət Məhkəməsini cinayətə görə məsuliyyətin mümkünlüyünü nəzərdən keçirməyə çağırıb.
Rusiya Federasiyasının fərmanına əsasən, işğal olunmuş Ukrayna ərazilərində ilhaq edildiyi gündən bəri yaşan şəxslər və əvvəllər həmin ərazilərdə yaşayıb sonra Rusiyaya köçmüş, lakin Ukrayna vətəndaşlığını saxlamaq istədiklərini bəyan etmiş vətəndaşlar da xarici vətəndaşlar hesab olunacaq.
"Milli təhlükəsizliyə təhdid yaradan, konstitusiya quruluşunun əsaslarının zorla dəyişdirilməsinin tərəfdarı olan, terrorçu və ekstremist fəaliyyəti maliyyələşdirən, icazəsiz aksiyalarda iştirak edən şəxslər ölkədən çıxarıla bilər" fərmanda deyilib.
Putin sentyabrın 30-da Ukraynanın Rusiya qüvvələri tərəfindən işğal olunmuş Donetsk, Luhansk, Xerson və Zaporijye vilayətlərini ilhaq cəhdini rəsmiləşdirən sənədlər imzalayıb.
Bundan əvvəl Moskva müharibənin getdiyi bir zaman dörd regionda beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə rədd edilən saxta referendumlar keçirib.
Bu dörd bölgə Moskvanın 2014-cü ildə qeyri-qanuni ilhaq edilən Krımla birlikdə Ukraynanın təxminən 20 faizini təşkil edir.