Rusiyanın Rostov vilayətindəki neft anbarında yanğın davam edir

Rusiyaya məxsus pilotsuz təyyarənin Ukraynanın Lviv vilayətinə hücumu nəticəsində bir nəfər yaralanıb. Rusiyanın Azov şəhərində isə yanğınsöndürənlər ikinci gündür neft anbarındakı yanğınla mübarizə aparır.

Ukraynanın qərbində, Polşa ilə sərhəddə yerləşən Lviv şəhəri merinin dediyinə görə, pilotsuz təyyarənin Malexiv kəndinə hücumu nəticəsində çoxmərtəbəli yaşayış binası zədələnib, yaxınlıqdakı binaların pəncərələrii sınıb.

Şəhərin meri Andriy Sadovıy Telegram mesajlaşma proqramında 70 yaşlı bir kişinin orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini bildirib.

Bu arada, Rostov vilayətində Rusiyaya məxsus neft anbarında dron hücumu nəticəsində başlayan yanğın 24 saatdan çox davam edib.

Ukrayna rəsmisi mediaya hücumun Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı olduğunu bildirib. Ukrayna bundan əvvəl də Rusiyanın müharibə səylərinə zərər vurmaq üçün enerji infrastrukturunu hədəf alıb.

Hücuma 22 neft çəni olan 2 anbar məruz qalıb. Azov Rusiyanın cənubundakı Rostov vilayətində, Azov dənizindən təxminən 16 kilometr aralıdakı Don çayı üzərində yerləşir.

Rusiyanın Ukraynanın elektrik stansiyalarına hücumu bütün ölkə boyu elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Milli enerji şirkəti "Ukrenerqo” çərşənbə günü "Bütün regional enerji paylayıcı şirkətlər sənaye və məişət istehlakçılarını enerji ilə saat 00:00-dan 24:00-a qədər fasilələrlə təmin edəcək" - deyə, elan edib. Əvvəllər rəsmilər fasilələri günorta saatları ilə məhdudlaşdırmağa çalışmışdı.

“Ukrenergo" əsas infrastrukturun bundan təsirlənməyəcəyini bildirib.

Bu arada çərşənbə axşamı Ukrayna prokurorları Rusiya hərbçilərini Donetsk vilayətində ukraynalı hərbçinin başını kəsməkdə ittiham edib.

"Ukraynalı hərbçilər Donetsk vilayətindəki döyüş mövqelərindən birində havadan kəşfiyyat əməliyyatı zamanı Ukrayna Müdafiə Qüvvələrinə məxsus zədələnmiş zirehli maşın aşkar ediblər. Maşının içərisində ukraynalı müdafiəçinin kəsilmiş başı olub" - deyə, Ukraynanın Baş prokuroru Andrey Kostinin ofisi sosial mediada yazıb.

Kostinin ofisi kəsilmiş başın aşkar edildiyi zirehli hərbi maşının bulanıq bir fotoşəklini yerləşdirib.

Donetsk prokurorları çərşənbə axşamı bildiriblər ki, rus qoşunlarına Ukrayna ordusu haqqında məlumat verdiyinə görə, bir ukraynalı hərbçi 15 il həbs cəzasına məhkum edilib.