Aleksey Navalnı yeni ittihamla üzləşə bilər

Aleksey Navalnı

Rusiyanın həbsdə olan müxalif siyasətçisi Aleksey Navalnı yeni ittihamla üzləşə bilər. Onun vəkili Vadim Kobzevin bildirdiyinə görə, bu dəfə o, həbsdə olduğu islah koloniyasının fəaliyyətini "pozmaqda" günahlandırıla bilər.

Kobzevin sözlərinə görə, onun müvəkkili aprelin 17-də kamerasına şəxsi gigiyenaya riayət etməyən "tüfeyli" məhbusun yerləşdirilməsindən sonra kameraya daxil olmaqdan imtina edib.

"Kameradakı iy o qədər iyrənc idi ki, ora daxil olmaq mümkün deyildi" Kobzev aprelin 18-də Twitter səhifəsində yazıb və əlavə edib ki, bir mühafizəçi müvəkkilinə bir neçə gün əvvəl ona qarşı təxribat hazırlandığı barədə xəbərdarlıq edib.

Kobzev bildirib ki, Navalnı kameraya girməyə məcbur edildikdən sonra o, Tatarçenko kimi tanınan kamera yoldaşını çıxarmağa çalışanda, mühafizəçilər onun qarın nahiyəsinə zərbələr endirib.

"İnsident baş verən zaman orada olan həbsxana rəhbərliyi məmnuniyyətlə Navalnıya bildirib ki, indi o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 321-ci maddəsinə (cəzaçəkmə müəssisəsinin fəaliyyətini pozma) uyğun olaraq, cinayətdə ittiham olunacaq" - deyə, Kobzev bildirib.

Cəzaçəkmə müəssisəsi Kobzevin dedikləri ilə bağlı heç bir şərh verməyib. Lakin bundan əvvəl məhbuslarla pis rəftarla bağlı hər hansı iddianı təkzib edib.

Yeni ittiham üzrə təqsirli bilinərsə, Navalnı daha 5 ilə qədər həbs cəzasına məhkum edilə bilər.

Keçən ilin martında Navalnıya hörmətsizlik və fırıldaqçılıq yolu ilə mənimsəmə ittihamı ilə 9 il həbs cəzası verilib. Navalnı və tərəfdarları bunun siyasi motivli olduğunu deyərək, ittihamı dəfələrlə rədd edib.