Sevastopola raket hücumundan sonra ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi

Bazar günü ilhaq edilmiş Sevastopolda 4 nəfərin ölümü və 150-dən çox insanın yaralanması ilə nəticələnən raket hücumu ilə əlaqədar ABŞ səfiri Linn Treysi Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya ordusu Ukrayna hərbçilərinin Sevastopola kasetli döyüş başlıqlı Amerika istehsalı olan ATACMS raketini atıldığını iddia edir. Rusiya Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, Hava Hücumundan Müdafiə qüvvələrinin atdığı raket kursunu itirib və onun hissələri başqa yerlərlə yanaşı, istirahət edən insanların olduğu çimərliyə də düşüb. Ölənlər arasında Maqadan merinin müavininin qızı da olmaqla, iki uşaq olub.

Rusiya hakimiyyəti ABŞ-ı raket hücumunda əli olmaqda ittiham edir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirərək, Birləşmiş Ştatların Ukrayna hərbçilərinə Amerika texnikasından istifadə etməklə zərbələr endirməkdə kömək etdiyini iddia edib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatında isə vurğu fərqli şəkildə qoyulub. Məlumatda bildirilir ki, ABŞ səfirinə "Vaşinqtonun Ukraynanın nasistyönlü hakimiyyətini hərbi əməliyyatları davam etdirməyə təşviq etmək məqsədi daşıyan addımları cəzasız qalmayacaq deyilib". Belə görünür, bu ifadələr Ukraynanın Vladimir Putinin danışıqlara başlamaq üçün şərt olaraq Ukrayna qoşunlarının dörd regiondan çıxarılmasını tələb etdiyi sülh təklifləri adlandırılan təkliflərindən imtina etməsinə işarə kimi qiymətləndirilə bilər.

Peskov bazar ertəsi Rusiya tərəfinin bu təklifinin qüvvədə qaldığını bildirib. O həmçinin deyib ki, prezident Putin Dağıstanda baş verən terror aktları və Sevastopol hücumu ilə bağlı xüsusi müraciət etməyəcək (Rusiya hakimiyyəti bunu və ya Rusiya tərəfindən ilhaq edilmiş ərazilərin atəşə tutulması ilə bağlı digər halları terror aktı adlandırır).

ABŞ-ın Moskvadakı səfirliyi səfirin Xarici İşlər Nazirliyinə çağırışı ilə bağlı hələlik şərh verməyib. ABŞ nümayəndələri daha əvvəl bildirmişdi ki, Birləşmiş Ştatlar Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak etmir, lakin Ukraynaya silah və digər yardımlar verərək, özünü müdafiə etməsinə imkanı verir.

Bazar günü edilən hücumla əlaqədar bazar ertəsi Sevastopolda fövqəladə vəziyyət rejimi tətbiq edilib. Hadisə qurbanlarının müəyyən edilmiş yekun sayının 153 nəfər olduğu bildirilib. Rusiya tərəfindən təyin olunmuş şəhər meri Mixail Razvojayevin dediyinə görə, hazırda yaralanan 15-20 nəfərin Moskvaya aparılması məsələsinə baxılır.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk Sevastopola endirilən zərbəni şərh edərkən bildirib ki, Ukrayna hərbçiləri "mülki obyektləri və əhalini" atəşə tutmur. O, Ukrayna hərbçilərinin raket zərbəsi endirdiyini birbaşa təsdiq etməyib.

"Lakin belə bir hadisə baş vermiş olsa belə, o zaman sizə xatırlatmaq istərdim ki, Ukrayna hakimiyyəti Rusiya Federasiyasının hərbi obyektlərinin yaxınlığında olmamaq barədə dəfələrlə xəbərdarlıq edib", Pletençuk Azadlıq radiosunun Ukrayna xidmətinə şərhində deyib.

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak öz növbəsində yazıb: "Krımda heç bir "çimərlik", "turizm zonaları" və digər uydurma "dinc həyat" əlamətləri yoxdur və ola da bilməz. Krım Rusiya tərəfindən işğal edilmiş, döyüşlərin getdiyi və Rusiyanın müstəsna olaraq soyqırım və təcavüzkar məqsədlərlə başlatdığı genişmiqyaslı müharibənin getdiyi ərazidir".

Ukrayna ordusu son vaxtlar mütəmadi olaraq, Rusiyanın Krımdakı hərbi obyektlərinə qarşı hücumlar həyata keçirir.