Rusiya Müdafiə Nazirliyi fevralın 19-da yeni strateji hərbi manevrlərinin keçiriləcəyini açıqlayıb. Ukrayna ətrafında yaşanan gərginliyin fonunda baş tutacaq təlimlərə Prezident Vladimir Putin bir başa nəzarət edəcək.
“Fevralın 19-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin rəhbərliyi altında strateji mühafizə qüvvələrinin planlaşdırılmış təlimi keçiriləcək. Təlim zamanı ballistik və qanadlı raketlərin buraxılışı həyata keçiriləcək” deyə nazirliyin fevralın 18-də yaydığı bəyənatda bildirir.
Məlumatda bildirilir ki, təlimlərdə Rusiyanın Cənub Hərbi Dairəsininin aerokosmik qüvvələrinin qoşunları və texnikası eləcə də, Şimal və Qara dəniz donanmasının raket bölmələri iştirak edəcək.
Dövlətə məxsus TASS xəbər agentliyi bildirib ki, təlimlərdə Şimal Donanmasının strateji raket daşıyan sualtı qayığı Rusiyanın Uzaq Şərqindən-Kamçatkadan Kür poliqonuna qitələrarası ballistik raket (ICBM) atacaq. Eyni zamanda isə digər bir qitələrarası ballistik raket Rusiyanın şimalındakı nüvə sualtı qayığından Çiza poliqonuna atılacaq.
Bundan əlavə Strateji Raket Qüvvələrinin təlimlər zamanı ICBM-i sınaqdan keçirməsi fonunda ölkənin Aerokosmik Qüvvələri uzaq mənzilli təyyarələrdən qanadlı raketlər buraxacaq.
Bəyənat Belarusun avtoritar lideri Aleksandr Lukaşenkonun Moskvaya gəlməsindən bir neçə saat sonra verilib. Lukaşenko hazırda davam edən birgə hərbi təlimlər fevralın 20-də başa çatdıqdan sonra Rusiya qoşunlarının Belarusdan çıxarılmasına dair qərar vermək üçün Putinlə danışıqlar aparmaq məqsədilə Rusiyaya yollanıb.
Hazırda Belarusda 30-minə qədər rus qoşunu var. Rəsmi məlumatlarda qoşunların orada birgə hərbi təlimlər üçün yerləşdirildiyi bildirilir. Lakin Kremlin həqiqi niyyətləri Qərbdə narahatlıq yaradır. ABŞ kəşfiyyatının hesablamalarına görə, Rusiyanın Ukrayna ilə sərhədə yaxın ərazilərdə təxminən 130 minə yaxın əsgəri və hərbi texnikası var.