Rusiyanın Fövqəladə Hallar Nazirliyinin bildirdiyinə görə, Dağıstan respublikasında yanacaqdoldurma məntəqəsində baş verən yanğın zamanı üçü uşaq olmaqla, azı 30 nəfər ölüb.
Bazar ertəsi gecə Dağıstanın paytaxtı Mahaçqaladakı magistral yolun kənarında yerləşən avtomobil təmiri sexində başlayan yanğın yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçərək partlayışlara səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin paylaşdığı kadrlarda yanğınsöndürənlərin gecə alovları səmasında yüksələn nəhəng yanğını söndürməyə çalışdıqlarını görmək olub.
"Mahaçqalada xilasetmə əməliyyatı zamanı daha üç qurbanın cəsədi tapılıb," nazirlik Telegram kanalında bildirib.
"Yenilənmiş məlumata görə, yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində 105 nəfər xəsarət alıb, onlardan 30 nəfəri ölüb", -deyə bildirilib.
İnterfaks agentliyinin Dağıstanın Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, yaralılardan 13-ü uşaqdır.
TASS Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verib ki, 600 kvadrat-metr əraziyə yayılan yanğını söndürmək üçün yanğınsöndürənlərə 3 saat yarımdan çox vaxt lazım olub.