Rusiya şənbə günü Ukrayna boyu dron hücumları həyata keçirib.
Ukraynanın hava qüvvələri bildirib ki, qüvvələri və mobil dron ovçu qrupları Ukraynanın 11 bölgəsini hədəf alan 31 İran istehsalı olan Şahed dronundan 30-nu vurub.
Hədəf alınan ərazilərə paytaxt Kyiv, cənubi Xerson regionu və qərbi Xmelnitski regionu daxildir.
“Dronlar qrup və dalğa halında və müxtəlif istiqamətlərdən hücum etdilər,” Kyiv hərbi administrasiyasının başçısı Şehiy Popko deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik müraciətində bildirib ki, o, cümə günü Lvivdə Yerli və Regional Hakimiyyətlər Konqresi ilə iclas keçirib. Zelenskinin dediyinə görə, iclasda baş nazir daxil olmaqla, milli hökumətin rəsmiləri də iştirak edib.
O deyib ki, iclasda “bir çox məsələ müzakirə olunub,” çünki “hökumətin yerli hökumətlərlə daimi əlaqədə olması və icma liderlərinin Ukraynadakı mövcud vəziyyəti anlaması çox vacibdir.”
Bundan əlavə Zelenski deyib ki, Ukrayna təhlükəsizlik xidmətinin başçısı iclasda Odesa, Xerson bölgəsi və Dniproda düşmənlə əlbir olanların saxlanılması barədə detalları paylaşıb.
Bu arada, Ukrayna öz müdafiə sənayesini inkişaf etdirmək və Qərbin hərbi təchizatdan asılılığını azaltmaq üçün Qərb tərəfdaşları ilə texnoloji silah istehsalı üzrə birgə əməkdaşlıq müqavilələri imzalayıb.
“Bizim şirkətlər arasında birgə istehsal və ya texnologiya mübadiləsinə dair onlarla yeni müqaviləmiz var,” müdafiə naziri Rustem Umerov Facebook səhifəsində yazıb.
ABŞ və Avropa İttifaqının irimiqyaslı hərbi yardımının gələcəyi daha qeyri-müəyyən göründüyündən və Qərb ehtiyatları daha da tükəndiyindən ölkə daxilində hasilatı artırmaq təşəbbüsü kritik əhəmiyyət kəsb edib.
Kyiv beynəlxalq müdafiə sənayesinin üzvləri ilə bir sıra konfrans keçirib. O, bu həftə Britaniyanın ən böyük müdafiə istehsalçıları ilə konfrans keçirib, ötən ilin sentyabrında isə Qərbin 250-dən çox silah istehsalçısına ev sahibliyi edib, ardından da dekabrda Vaşinqtonda Ukrayna-ABŞ-ın birgə konfransı keçirilib.
“Biz Birləşmiş Ştatlarla birgə istehsal və texniki məlumatların paylaşılmasına dair memorandum imzaladıq,” Umerov deyib.