Ukrayna rəsmiləri bildirib ki, Rusiya çərşənbə axşamı Kyiv və Xarkivdə ən azı dörd nəfərin ölümünə, 60-dan çox insanın yaralanmasına və çox sayda yaşayış binasına ziyan dəyməsinə səbəb olan raket hücumu həyata keçirib.
Ukrayna hava qüvvələri bildirib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri Rusiyanın 41 raketindən 21-ni vurub.
Hücumlar əsasən paytaxt Kyivi, habelə Ukraynanın şimal-şərqində Xarkiv şəhərini hədəf alıb.
Xarkiv bölgəsinin qubernatoru Oleh Sınehubov üç nəfərin öldüyünü, 42 nəfərin yaralandığını bildirib.
Xarkivin meri İhor Terexov isə Rusiyanın zərbələri nəticəsində 30 yaşayış binasına ziyan dəydiyi haqda məlumat verib.
Öz növbəsində Kyiv meri Vitali Kliçko zərbələr nəticəsində paytaxtın bir neçə rayonunda ən azı 20 nəfərin yaraladığını deyib.
Bir nəfər Dnepropetrovsk bölgəsində Pavlohrad şəhərində həlak olub.
Hərbi yardım
ABŞ prezidenti Co Baydenin ABŞ Konqresində Ukraynaya yeni yardım paketi ilə bağlı bəzi respublikaçıların etirazı ilə üzləşdiyi bir vaxtda, Birləşmiş Ştatlar Ukrayna ordusuna dəstəyi müzakirə etmək üçün tərəfdaşları bir araya gətirərək Ukrayna Müdafiə Əlaqə Qrupunun son iclasını keçirir.
Pentaqon sözçüsü Sabrina Sinq deyib ki, Birləşmiş Ştatlar Ukraynaya sadiq olsa da, qanunvericilər Rusiya qüvvələrinə qarşı döyüşən Kyiv üçün daha çox maliyyəni təsdiqləməlidirlər.
“Bizim tərəfdaşlarımız, bizim müttəfiqlərimiz bunu etməyə davam edirlər, baxmayaraq ki, bizim Konqres tərəfindən təsdiqlənən [maliyyələşdirmə qanun layihəsinə] əlavəmiz yoxdur,” Sinq müxbirlərə bildirib.
Bayden, Ukraynanın Rusiya ilə müharibəsinin ikinci ildönümü yaxınlaşdığı bir vaxtda Ukrayna üçün əlavə hərbi maliyyə, eləcə də ABŞ ehtiyatlarının artırılması üçün 61,4 milyard dollar tələb edib. Bu maliyyə İsrail üçün 14,3 milyard dollar və ABŞ sərhədlərinin mühafizəsi üçün 13,6 milyard dollar da daxil olmaqla əlavə maliyyələşdirmə tələbinin bir hissəsidir.
ABŞ müdafiə naziri Lloyd Austin iclasa evindən virtual olaraq qatılacaq.