Rusiya Ukraynaya qarşı silsilə hücumlar edib

Ukrayna rəsmilərinin bildirdiyinə görə, Rusiyanın cümə günü Ukraynanın bir sıra şəhərlərinə silsilə raket zərbələri nəticəsində azı 19 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Ukrayna prezidenti Volodimir Zelenski əvvəllər Twitter kimi tanınan X-də "Bu gün Rusiya, demək olar ki, öz arsenalındakı hər cür silahdan istifadə edib - "Kinjal"lar, "S-300"lər, qanadlı raketlər və pilotsuz təyyarələr. Ukraynaya qarşı ümumilikdə 110-a yaxın raket atılıb və onların əksəriyyəti vurulub" yazıb.

Zelenski Rusiyanın zərbə endirdiyi hədəfləri arasında doğum evinin də olduğunu deyib. Digər hədəflərə "təhsil müəssisələri, ticarət mərkəzi, çoxmərtəbəli yaşayış binaları və fərdi evlər, ticarət anbarı və dayanacaq" daxildir.

Zelenskinin sözlərinə görə, Rusiyanın vurduğu şəhərlərə Kyiv, Lviv, Odesa, Dnipr, Xarkiv və Zaporijye daxildir.

Cümə günü səhər saatlarında Ukraynanın paytaxtında partlayış səsləri eşidilib və şəhər meri Vitali Kliçko Kyiv sakinlərinə sığacaqlara getməyi tövsiyə edib. Kyiv Independent Xarkivda altı raket partlayışının, Lvivdə isə pilotsuz təyyarənin vurulduğunu xəbər verib.

Xarkiv meri İqor Terexov Telegram kanalındakı paylaşımında zərbələri "kütləvi raket hücumu" adlandırıb.

Lviv meri Andriy Sadovıy Telegram kanalında şəhərinin azı iki dəfə vurulduğunu yazıb.

Zelenski cümə axşamı Roma Papası Fransislə Ukraynanın sülh formulu ilə bağlı müzakirələr apardığını bildirib.

"Biz Ukraynanın Sülh Formulunun birgə tətbiqini müzakirə etdik" - Zelenski X səhifəsində yazıb.

"Artıq 80-dən çox ölkənin nümayəndəsi bu prosesə cəlb olunub. Onların sayı daha da çox olacaq" - deyə, o əlavə edib.

Cümə axşamı gecə Qara dənizin liman şəhəri Odesadakı bir binada yanğın baş verib. Rəsmilərin dediyinə görə, həmin əraziyə dronlar göndərilib.

Regionun qubernatoru Oleh Kiper Telegram kanalında " Vurulan pilotsuz təyyarənin parçaları Odesada çoxmərtəbəli binanı zədələyib" yazıb.

Ölənlərin olub-olmadığı hələ də araşdırılır. Kiper şəhər sakinlərini sığınacaqlarda qalmağa çağırıb.