Rusiya Ukraynanın Kremli dronlarla vurmağa cəhd, Kyiv isə bunu rədd etdiyini bildirib

Rusiya prezidentinin mətbuat xidməti iddia edir ki, Ukrayna gecə saatlarında Kremli vurmağa cəhd edib.

"Rusiya ordusu və kəşfiyyat orqanları Kremlə hücum edən iki pilotsuz uçuş aparatını sıradan çıxarıb, itki yoxdur. Rusiya Kremlə zərbə endirmək cəhdinə nə vaxt cavab verəcəyi hüququnu özündə saxlayır. Kreml Kyiv rejiminin hücumunu planlaşdırılmış terror aktı və Qələbə Günü ərəfəsində Rusiya prezidentinə sui-qəsd cəhdi kimi qiymətləndirir" - deyə, TASS agentliyi prezidentin mətbuat xidmətindən sitat gətirib.

Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, hücuma cəhd zamanı Putin Kremldə olmayıb. Onun sözlərinə görə, Rusiya prezidenti bu gün Moskva yaxınlığındakı Novo-Oqaryovodakı iqamətgahında işləyib. Peskov mayın 9-da Qızıl Meydanda parad keçirilməsi planının qüvvədə qaldığını bildirib.

Gecə saatlarında yerli "Qonşular. Yakimanka-Zamoskvoreçye" Telegram kanalı güclü səs eşidildiyini xəbər verib və Kremldən qalxan tüstünün görüntülərini yayıb.

Kremllə üzbəüz evdə yaşayan sakinlər səsin "ildırım gurultusuna bənzədiyini", səmada qığılcımlar əmələ gəldiyini və Kremlin divarı yanında fənərli insanlar gördüklərini deyib".

Şəhərin meri Sergey Sobyanin bir müddət əvvəl bildirib ki, bu gündən etibarən Moskvada pilotsuz təyyarələrin buraxılması qadağan edilib. Bu qərar hüquq-mühafizə orqanlarının işinə mane ola biləcək dronlardan icazəsiz istifadənin qarşısını almaq üçün qəbul edilib. Sobyaninin sözlərinə görə, hakimiyyət orqanlarının qərarları ilə istifadə olunan pilotsuz təyyarələr istisna olacaq.

Ukrayna prezidentinin yüksək rütbəli rəsmisi isə deyib ki, Kyivin Kremlə hər hansı pilotsuz təyyarə hücumu ilə heç bir əlaqəsi yoxdur və bu cür hərəkətlər döyüş meydanında Kyiv üçün heç bir nəticə verməyəcək və bu, yalnız Rusiyanı daha radikal addımlar atmağa təhrik edəcək.

Prezidentin müşaviri Mıxailo Podolyak Reuters-ə verdiyi şərhdə bildirib ki, hücumun arxasında Kyivin olduğu iddiası və Rusiyanın ukraynalı təxribatçıları həbs etməsi Moskvanın yaxın günlərdə Ukraynaya qarşı genişmiqyaslı "terror" hücumuna hazırlaşdığını göstərə bilər.