Vilayət qubernatoru Oleksandr Prokudinin bildirdiyinə görə, çərşənbə günü Rusiyanın Ukraynanın şərqindəki Xerson vilayətinə hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb, şəhərin mərkəzindəki binalara ziyan dəyib.
"Yenə də apokaliptik səhnə. Sınmış şüşələr, parçalanmış pəncərə çərçivələri, xarabalığa dönmüş evlər. Başlarından keçənləri danışan titrək səsli insanlar" - deyə, Prokudin Telegram kanalında bildirib.
Çərşənbə günü Ukraynanın daxili işlər naziri bildirib ki, Rusiya 10 regionda azı 118 yaşayış məntəqəsini atəşə tutub.
Rusiyanın Dnepr çayının əks sahilindən, nəzarətində olan Zaporijye Atom Elektrik Stansiyasının olduğu ərazidən pilotsuz təyyarəsinin Nikopola hücumu nəticəsində daha bir mülki vətəndaşın həlak olduğu bildirilib. Bölgə qubernatoru Serhiy Lısakın dediyinə görə, hücum zamanı 4 nəfər yaralanıb.
Britaniyanın Müdafiə Nazirliyinin cümə axşamı Ukraynadakı son kəşfiyyat məlumatında bildirib ki, son bir həftə ərzində Ukraynanın zərbələri nəticəsində Rusiya dörd uzaqmənzilli yer-hava raket qurğusunu itirib.
Nazirlik deyib ki, itkilər Rusiyanın inteqrasiya olunmuş Hava Hücumundan Müdafiə Sisteminin müasir dəqiqlikli zərbə silahlarına qarşı mübarizəsini davam etdirdiyini göstərir.
Rusiya əsirlikdə olan əsgərlərin mühakiməsinin davam etdiyini və çərşənbə günü Mariupol şəhərində döyüşən daha üç ukraynalı əsgərin həbsə məhkum edildiyini bildirib.
Keçən ilin may ayında Mariupolun süqutundan sonra Rusiya 2500-ə yaxın insanı əsir götürüb.
Moskvanın İstintaq Komitəsi bildirib ki, üç əsgər Mariupolda səkkiz nəfərin ölümündə təqsirli bilinib.